Şəhid anası: "Bu gün bizim qədər sevinən yoxdur, çünki övladlarımızın qisası alınır"
"Mən bir şəhid anası olaraq öz övladımın 40 mərasimində, onun məzarı üzərində and içmişdim ki, torpaqlarımız işğaldan azad olunsun mən heç vaxt ağlamayacam və heyfislənməyəcəm. Bu gündən demək olar ki, artıq mən ağlamayacam".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun anası Ceyran Axundova deyib.
O bildrib ki, bu gün şəhidlərimizin qisası alınır:
"Müharibə bütün insanları təlatümə gətirən, həyəcanda saxlayan bir hadisədir. Bu həm sevindiricidir, həm də kədərlidir. Ancaq bir şəhid anası olaraq mən bu günü çoxdan gözləyirdim. Çünki uzun illərdir torpaqlar işğal altındadır, minlərlə şəhid vermişik. Bu hər bir azərbaycanlı kimi bir şəhid anası olaraq məni də olduqca məyus edirdi. Ancaq bu gün çox sevinirəm".
Şəhid anası deyib ki, ərazilərimizin işğaldan edilməsi ən çox şəhid analarını sevindirib:
"Açığını deyim ki, biz şəhid anaları yanıb tökülürdük ki, torpaqlarımız işğaldadır, uşaqlarımızın qanı yerdə qalıb. Ona görə də bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Bəlkə də bu gün şəhid anaları qədər sevinən yoxdur. Çünki övladlarımızın qisası alınır. İllərdir tökülən qanların, şəhidlərin qisası alınır. Əlbəttə ki, bu müharibədir və itkisiz olmur. Mən dünəndən göz yaşlarıma sahib ola bilmirəm. İnanırdım ki, elə bir gün gələcək ki, torpaqlarımız işğaldan azad ediləcək. İndi bu şad xəbərləri aldıqca hədsiz sevinirəm. Ordumuza güc-qüvvət, şəhidlərimizə Alahdan rəhmət diləyirəm".
Xatırladaq ki, Əbdülməcid Axundov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Əbdülməcid Axundov şəhidliyindən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.