Bu rayonun su probleminin həlli gözlənilir — AÇIQLAMA
Saatlı rayonunda müvəqqəti olaraq yaranmış su problemi yaxın günlərdə tam şəkildə həll olunacaq. "Lunar.az" bildirir ki, bu barədə report-aAzərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.
Məlumata görə, Saatlı rayonu ərazisində 57 min hektar suvarılan əkin sahəsi var. Bu sahələrin su təminatı əsasən Araz çayı üzərində yerləşən və 6 rayonun 170 min hektar sahəsinə xidmət edən Bəhrəmtəpə hidroqovşağından başlanğıcını götürən Baş Muğan və ondan ayrılan kanallar, eyni zamanda Kür və Araz çayları üzərində yerləşən nasos stansiyaları vasitəsilə həyata keçirilir: “Xidmət etdiyi əkin sahələri nəzərə alınaraq rayonlararası su bölgüsü limitləri hazırlanıb və suyun miqdarı nəzərə alınaraq su bölgüsü təsdiq edilmiş limit daxilində həyata keçirilir. Son vaxtlar Araz çayında suyun sərfi azaldığından digər rayonlarla yanaşı, Saatlı rayonuna verilən suyun həcmi də müəyyən qədər azalıb. Rayon ərazisində də kəndlərarası su bölgüsü tərtib edilmiş qrafik əsasında aparılır. Bu səbəbdən bir sıra kəndlərdə su təminatında çətinliklər yaranır. Yaranmış çətinliklər nəzərə alınaraq İran İslam Respublikası ilə birgə istismar olunan Araz su anbarından buraxılan suyun həcmi artırılmış və növbəti həftənin birinci günü axşama rayona tələbata uyğun suyun verilməsi təmin ediləcək. Qeyd olunanlar barədə rayon rəhbərliyi, dövlət aqrar inkişaf mərkəzi və su istifadəçiləri məlumatlandırılıb. Rayonun Nabatkənd və Çolpu kəndlərinə kommunal-məişət ehtiyacları üçün suyun verilməsinin təcili bərpa edilməsi barədə yerli istismar idarəsinə ciddi tapşırıq verilib. Hazırda bu istiqamətdə iş aparılır və işlər də nəzarətə götürülüb".