Bakı metrosu mayın 9-dan fəaliyyətini bərpa edəcək? - AÇIQLAMA
Sosial şəbəkələrdə Bakı metrosunun mayın 9-dan fəaliyyətə başlayacağına dair fikirlər paylaşılır.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Lunar.az-a açıqlamasında bildirib ki, qurumun fəaliyyətini bərpa edəcəyi tarix bəlli deyil.
Onun sözlərinə görə, metroda infrastrukturun daimi saz vəziyyətdə saxlanılması və qatarların hərəkətə hazır vəziyyətdə olması üçün tədbirlər görülür:
“Metronun fəaliyyətinin tam olaraq hansı tarixdən bərpa ediləcəyinə dair qərarı operativ qərargah verəcək. Bu gün üçün dəqiq olan məsələlərdən biri Nazirlər Kabineti yanında operativ qərargahın yayımladığı metodiki göstərişlərdir.
Həmin göstərişlərdə isə ictimai nəqliyyatda, o cümlədən, metroda sərnişinlərin maska taxmasının, sosial məsafəni qorumasının məcburi olduğu göstərilib. Karantin dövründə metronun fəaliyyətə başlayacağı ilə bağlı qərar qəbul olunarsa, qurumun əməkdaşları buna tam hazırdır”.(Oxu.Az)