DİQQƏT: Həyat yoldaşı işlədiyi üçün 190 manat ala bilməyənlərə XƏBƏR VAR
Ailə üzvlərindən birinin aktiv əmək müqaviləsi olduğuna görə, digərinə birdəfəlik ödəmənin təyin edilməsindən imtina edilir. Bu isə vətəndaşlarda narazılığa səbəb olub. Çünki təyin edilən 190 manat ölkə üzrə iki nəfər üçün yaşayış minimumunu qarşılamır. Əgər bir nəfər hər iki tərəfin yaşayış minimumunu qarşılayacaq qədər maaş almırsa, bu halda digər tərəfə ödəniş niyə düşmür?
Məsələ ilə bağlı Redaktor.az-a danışan tanınmış vəkil Roman Qaraşov bildirib ki, bu ödəmənin həyata keçirilməsi hazırki dönəmdə daha çox sosial dəstək məqsədi daşıyır:
"Dövlətin özünün bu ödənişləri həyata keçirməsi ilə bağlı mütləq öhdəliyi yoxdur. Lakin qeyd edilən dönəmdə iş yerlərinin bağlanması, əhalinin öz gəlirlərini sabit şəkildə saxlaya bilməməsi və məhdudiyyətlərin tətbiqi nəticəsində əlverişsiz durumun yaranması dövlətin bu cür addım atmasına səbəb olub. Burada bütün ehtiyacların maksimum həddə qarşılanmasından da söhbət getmir. Bu sadəcə sosial dəstək kimi verilir və ailədə bir nəfərin gəlirinin olması önəmli hesab olunur. Ona görə ki, ən azından minimum tələbatları ödəyə bilsin, zəruri ərzaq mallarını almaq imkanı olsun".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı isə bildirib ki, birdəfəlik ödəmə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir:
"Birdəfəlik ödəmənin təyin edilməsi Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar əsasında icra edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də birdəfəlik ödəmə ilə bağlı fəaliyyətini bu qaydalar əsasında həyata keçirir".
Qeyd edək ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün isə 170 manat məbləğində müəyyən edilib.