Xəbər verdiyimiz kimi aprelin 24-də keçirilən plenar iclasda deputat Əli Məsimli uşaq pulunun yenidən bərpa edilməsini təklif edib. Uşaq pulu bərpası mümkündürmü?
Bununla bağlı Sonxeber.az-a danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib ki, koronavirus pandemiyasının törətdiyi fəsadlar əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi məsələsinin aktuallığını daha da artırıb:
"Hesab edirik ki, karantin rejiminin davam etdiyi hazırkı və postpandemiya dövründə bu yöndə getdikcə daha böyük aktuallıq kəsb edən məsələlər arasında uşaq hüquqlarının müdafiəsi məsələsi önə çıxarılmalıdır. Ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar olan sahələrin hər birinin tərəqqi səviyyəsi birmənalı şəkildə ailələrə və bu ailələrdə böyüyən dövlətin ən böyük kapitalı olan uşaqlara, onların fiziki, əqli və mənəvi cəhətdən inkişafına birbaşa təsir göstərir. Bu mənada qeyd olunan problemlər, seçicilərimizlə keçirdiyimiz görüşlərimiz, həmçinin ofisimizə daxil olan müraciətlər içərisində say baxımdan əhəmiyyətli yer tutur. Çalışırıq ki, həm qanunvericilik təşəbbüslərimzdə, həm komitə, həm də plenar içlaslarda sosial xarakterli məsələlərə daha çox toxunaq, onların həlli istiqamətində təkliflərimizi verək. Milli Məclisin 24 aprel tarixli iclasında qaldırdığımız məsələlər arasında "uşaqpulu"nun bərpası məsələsi xüsusi yer tutdu. Çıxışımızda uşaqpulunun bərpasını təklif etdik və bildirdik ki, əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq. Bununla yanaşı təklif etdik ki, 190 manat birdəfəlik yardım kəndlərdə adına kiçik pay torpağı olan insanlara da şamil edilməlidir". Əli Məsimli vurğulayıb ki, bu məsələləri qaldıranda 2006-cı ildən etibarən uşaq pullarının və digər müavinətlərin ləğvi ilə onların məcmusunun əvəzində yaradılmış Ünvanlı Dövlət Sosial Yardımının təyini ilə bağlı məsələyə yenidən qayıtmaq lazım gəlir: "Qeyd edək ki, əvvəllər vətəndaşların bizə olan müraciətlərinin əsas hissəsi sovet dövründə SSRİ əmanət bankına qoyulmuş əmanətlərin qaytarılması ilə, 2015-ci ildən 2019-cu ilin mart ayınadək olan dövr ərzində dollarlarla olan kreditlərlə əlaqədar idisə,indi əhalinin narazılığı məhz Ünvanlı Dövlət Sosial Yardımının təyini ilə əlaqədar olan problemlərlə bağlıdır. Xatırladaq ki, bu sistemin tətbiq olunduğu gündən etibarən biz mütamadi olaraq onun təkmilləşdirilməsinə yönəlmiş təkliflərlə çıxış etmişik. Başlanğıcda bu yardımı almaq üçün 20-yə yaxın, daha sonra 13 sayda müxtəlif instansiyalardan alınmalı olan formal, heç bir əhəmiyyəti olmayan sənəd yığılması tələb olunurdu. Uzun sürən gərgin, birgə səylər hesabına tələb olunan sənədlərin sayı təxminən 7 sənədə endirildi. Yaxın keçmişimizdə korrupsioner məmurların bu yardıma ortaq olmaq yolu ilə "yarı bizim, yarı sənin" prinsipi ilə onu gerçək ünvanından kənar şəxslərə təyin etmələri hallarının da şahidi olmuşuq. Lakin ünvanlı yardımın təyin edilməsində təəssüf ki, hələ də pay torpaqları məsələsinin ortadan qaldırılması məsələsində heç bir irəliləyişə nail ola bilmirik. Ünvanlı Dövlət Sosial Yardımı bu gün artıq əhaliyə yönəldilmiş sosial paketdə sanki barometrə çevrilib. Belə ki, sosial paketin təsir dairəsinə düşə bilməkdən ötrü vacib kriteriyalardan biri də bu yardımın təyin olunduğu şəxslər sırasına düşmək hesab olunur. Aztəminatlı ailələrdən çıxan və virusun yayılması ilə əlaqədar olaraq təhsil haqlarının ödənilməsini dövlətin öz üzərinə götürdüyü tələbələrə münasibətdə də Ünvanlı Dövlət Sosial Yardımı əsas göstəricilərdən biridir. Burada da həmin güzəştin şamil olunduğu tələbələrin cavab verməli olduğu kriteriyalar sırasında, başda elə ailələrinin Ünvanlı Dövlət Sosial Yardımı alması göstərilir. Artıq qeyd etdiyimiz kimi, bu yardımın təyini zamanı pay torpağı məsələsinin maneyə yaradan əsas amil kimi daim ön plana çıxması, kənd əhalisinin əksər hissəsinin bu güzəştlərdən yararlanmaq imkanlarını ortadan qaldırır. Bu da dövlətin sosial siyasətinin daha həssas əhali qurupları üçün əlçananlıq imkanlarını azaldır, unvanlılıq prinsiplərini pozur. Bizim ofis tərəfindən kiçik bir tədqiqat aparılıb. Bildiyimiz kimi, Şəkidə ADPU-nun Şəki filialı fəaliyyət göstərir və burada hazırda 811 tələbə təhsil alır. Onu da nəzərə alaq ki, mövcud təhsil reallııqlarımıza əsasən təhsil alan tələbələrin yarıdan çoxu ödənişli əsaslarla təhsil alır. Aparılmış tədqiqatdan görünür ki, təhsil haqqını ödənilməsini dövlətin üzərinə götürdüyü tələbələr sırasına düşmək üçün bu kriteriyalara filialda maksimum cəmi 50-60 nəfər düşə bilər. Bu da ödənişli təhsil alanların maksimum 10%-ni və daha aşağı hissəsini təşkil edir. Hesab edirik ki, bu problem üzrə eyni faiz bir qədər aşağı yuxarı olmaqla digər ali təhsil müəssisələrimizdə də eyni səviyyədə olacaqdır. Qeyd edilənlərdən də göründüyü kimi Ünvanlı Dövlət Sosial Yardımın təyini məsələsində biz bir qədər də yumşalmaya getməklə onun həqiqətən də ünvanına yetişməsini təmin etməliyik. Bu məqsdlə də ən azından pay torpaqları məsələsini ortadan çıxarmalıyıq. Çünki, adına bir parça pay torpağı olan, əslində faktiki olaraq onu əkib becərmək imkanı olmayan xeyli insan bu gün bu yardımın təsir dairəsindən kənarda qalıb. Əgər söhbət aqrar sahədə olan iri və orta təsərrüfatlardan gedirsə, bəli, onlar fəaliyyətini davam etdirdiklərindən özlərini dolandırmalıdrlar. Yox, əgər söhbət adına 0,2-0,5 hektar torpaq sahəsi olan insanlardan gedirsə, onların arasında həmin torpaq sahəsindən istifadə edə bilməyən xeyli insan var ki, adlarına torpaq sahəsi olduğundan, indiyə qədər Ünvanlı Dövlət Sosial Yardımı ala bilmirlər.Bu qanunun dəyişilməsi artıq sosial sifarişə çevrilib. Beynəlxalq praktikadan çıxış edərək demək olar ki, hazırda pandemiya ilə bağlı yaranmış sosial xarakterli problemlərinin xeyli hissəsini "uşaq pulu"nun bərpa edilməsi hesabına həll etmək olar. Bu həm də postpandemiya dövrü üçün də işləyə bilən ən yaxşı mexanizm kimi özünü göstərə bilər. Ona görə də Azərbaycanda ötən ildən başlanan və 4,2 milyon əhalini əhatə edən sosial islahatların davamının çox önəmli və pik nöqtəsi kimi,optimal model əsasında aşağı gəlirli ailələr üçün "uşaq pulu" məsələsinin yaxın zamanlarda mərhələlərlə (problemin birdfəlik həlli ən yaxşı variantdır. Amma hazırda sosial xərclər sürətlə artır, nə qədər olacağı hələ bilinmir. Belə şərait uşaqpulu kimi maliyyətutumlu məsələnin həllini mərhələli etməyi və bir müddətdən sonra isə tamlaşdırmağı şərtləndirir) bərpasını zəruri hesab edirik. "Uşaq pulu" proqramı işə düşənə qədər isə bir sıra ailələrdə yaranmış hazırkı gərginlikləri azatmaqdan ötrü, həm beynəlxalq praktikada tətbiq olunan "uşaqların yeməyini təmin edək" üsulunun bizdə də tətbiqinə başlanılmasını, həm də hökumətin valideynləri işləməyən ailələrdəki uşaqlara müavinət verməsini zəruri hesab edirik".