Mərkəzi Bank qərar verdi - 10 minə yaxın iş adamına güzəşt olunacaq
2020-ci ilin bir mart tarixinə keyfiyyəti qənaətbəxş olan və dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiya imkanlarının yaradılması nəzərdə tutulur.
Lunar.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərarında bildirilir.
Qeyd olunur ki, bu tədbir nəticəsində Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilmiş bir milyard manat həcmində biznes kreditləri üzrə 10 minə yaxın iş adamının güzəştlərdən faydalanması üçün imkan yaradılacaq.
İqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrində fəaliyyət göstərən özəl biznes subyektlərinə, o cümlədən, sahibkarlıqla məşğul olan fiziki şəxslərə kredit təşkilatları tərəfindən verilmiş, 2020-ci il bir mart tarixinə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyasına imkan yaradılacaq.
Banklar tərəfindən sahibkarların müraciəti və qarşılıqlı razılaşma əsasında bu kreditlərin müddəti artırıla bilər.
Bu halda borcalanın maliyyə vəziyyətindən və kreditin restrukturizasiya edilməsindən asılı olmayaraq, kreditin keyfiyyəti 30 sentyabr 2020-ci ilədək pisləşdirilməyəcək.