"Bundan sonra Türkiyə ilə Rusiya münasibətləri bərpa olunsa belə Türkiyə şirkətlərinin yenidən Rusiyaya qayıtmağı çətin olacaq. Çünki onun yerini artıq Misir, İsrail, Azərbaycan və İran şirkətləri tutub". ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov deyib. O, türk şirkətlərinin daha əvvəlki kimi heç vaxt Rusiyanın turizm bazarına qayıda bilməyəcəklərini bildirib.
Rusiya səfirin sözlərində müəyyən həqiqət var. Belə ki, ötən gün Moskvada Azərbaycanın turizm nümayəndəliyinin açılış mərasimi keçirilib. Yəni Rusiyada ölkəmizin ilk turizm şirkəti açılıb. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, Azərbaycanın və Rusiyanın tanınmış aparıcı turizm agentliklərinin və mehmanxanalarının rəhbərləri, jurnalistlər iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə Moskva şəhərində fəaliyyət göstərən turizm şirkəti arasında müqavilə də imzalanıb.
Polad Bülbüloğlu - Azərbaycanın Rusiyadakı səfiri
Moskvada Azərbaycanın turizm nümayəndəliyinin açılış mərasimiPolad Bülbüloğlu - Azərbaycanın Rusiyadakı səfiri
Ümumiyyətlə, Rusiya Türkiyə arasında münasibətlərin korlanmasından sonra xüsusilə turizm sahəsinə ciddi ziyan dəyib. Rusiyanın iqtisadi sanksiyaları, birtərəfli şəkildə viza rejimini bərpa etməsi hər il milyonlarla gəlir gətirən rus turistlərin sayında ciddi azalma yaradıb.
Rusiyada da aparılan araşdırmalar belə deməyə əsas verir. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, rus turistlər keçmiş MDB ölkələrinə daha çox üz tutmağa meyillidirlər. Turizm şirkətlərinin onlayn bronlaşmasına nəzər saldıqda da bu, açıq-aydın görünür.
Bu gərginlikdən sonra bir sıra ölkələr, o cümlədən Azərbaycan Türkiyənin itirdiyi rus turistləri cəlb etmək üçün xüsusi layihələr hazırlayıb. Bu baxımdan bir sıra sahələrdə turistlər üçün əlverişli şərait də yaradılır. Məhz bu səbəbdən son bir neçə ay ərzində ölkəmizə Rusiyadan gələn turistlərin sayında artım var. Bunu Azərbaycanda fəaliyyət göstərən turist agentlikləri də təsdiqləyir. Onlar yay aylarında bu artımın daha çox hiss ediləcəyini deyirlər.
2015-ci ilin ilk 6 ayı ərzində Azərbaycana gələn turistlərin sayı
Ruslar günəş, dağlar, dəniz, əcnəbi koloriti seçir
Turist sayını artırmağın ən asan yolu isə aşağı qiymət, yüksək keyfiyyətdir desək, yanılmarıq. Bundan başqa, yerli və xarici şirkətləri sərmayə qoymağa cəlb etmək olar. Ötən il qeydə alınan iki devalvasiya yerli əhaliyə bir o qədər də yaxşı təsir etməsə də turistlər üçün daha sərfəli şərait yarada bilər.
Rusiya turizm sənayesi ittifaqının vitse-prezidenti Yuri Barızkin belə deyir. Onun sözlərinə görə, valyutanın məzənnəsindəki dəyişiklikdən, Türkiyə ilə münasibətlərin korlanmasından sonra ruslar üçün isti mövsümün trendi Qafqaz - Azərbaycan, Ermənistan və Gürcüstan olub. "İnsanlar elə də çox olmayan qiymətlərlə günəş, dağlar, dəniz, əcnəbi koloriti seçirlər. Bundan başqa onlarla bu ölkələrdə öz doğma rus dillərində danışılır".
Y.Barızkin deyir ki, belə bir vəziyyətdə vahid viza zonası haqqında da düşünmək olar. "Bu ona görə vacidbir ki, Belarusa gələn avropalı turist rahat şəkildə ona qonşu olan Rusiyaya, Azərbaycana da səfər edə bilsin. Cənubi-Şərqi Asiyadan olan turist isə Qazaxıstana getməklə yolüstü keçərək Rusiyanın da gözəlliklərindən zövq alsın. Bu, hamı üçün sərfəli olar. Hökm sürən böhran isə turizm sayəsində bizi bir-birimizə yaxınlaşdıra bilər".
Ölkə prezidenti İlham Əliyev də ötən ildən turizm sahəsinin inkişafı üçün bir sıra sərəncamlar verib. Onlardan biri və ən böyüyü isə ötən ilin dekabr ayının 24-də mehmanxana və turizm fəaliyyətləri ilə məşğul olan hüquqi şəxsləri xüsusi razılıqdan (lisenziya) azad etməkdir.
Görülən bütün işlər turizm sahəsində biznes mühitinin daha da əlverişli inkişaf etməsinə, dövlətin bu sahənin inkişafına diqqət və qayğısının olmasına bir daha sübutdur. Turizm ən gəlirli qeyri-neft sahələrindəndir. Məhz bu sahəni inkişaf etdirməklə devalvasiyanın zərərlərini minumuma endirə bilərik.