Xocalı faciəsinin növbəti ildönümü gəlir. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla–613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına o zamankı qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vuruldu.
Bu soyqırımın dünyaad tanınması istiqamətində Azərbaycan dövləti mühüm addımlar atıb. Nəticədə bir sıra ölkələr, ABŞ-ın 20 ştatı Xocalı soyqırımını tanıyıb. Lakin hələ də dünya ictimaiyyəti bu faciəni törədən Ermənistan, xüsusən də onun hazırkı rəhbərliyini məsuliyyətə cəlb etmək barədə düşünmür. Əksinə, Qərb ölkələri insanlığa qarşı cinayət törətmiş bu işğalçı ölkənin cani rəhbərlərilə münasibət qurmaqda davam edirlər.
Milli Məclisin deputatı Elman Məmmədov qeyd edir ki, dünya ictimaiyyətinin Xocalı faciəsini törədən Ermənistan və onun cinayətkar rəhbərliyinə münasibətdə ədalətin yerini almasına çalışmaması onların arxasında havadarlarının olmasından qaynaqlanır: "Bu vaxta qədər dünyanın 10-dan çox ölkəsində müxtəlif səviyyələrdə, parlament, senat və digər qurumlar çərçivəsində Xocalı soyqırımına qiymət verilib. Onlar həmin faciəvi hadisəni soyqırım kimi tanıyıb və bununla bağlı müxtəlif sənədlər qəbul ediblər.
Amerika Birləşmiş Ştatları kimi nüfuzlu böyük dövlətin 20 ştatı da Xocalı soyqırımının tanınması haqqında sənəd qəbul edib. Bu istiqamətdə addımlarımız davam edir. Ancaq hələ bu vaxta qədər Xocalı soyqırımına görə Ermənistan dövləti və bu cinayətin törədilməsində iştirakı, günahı olan hərbi canilərə qarşı hələlik heç bir tədbir görülməyib. Onlar nəinki cəzalarına çatmayıb, əksinə, öz ölkələrində yüksək postlar tutaraq beləcə xarici ölkələrə də səfər edir, burada onları qarşılayırlar. Həmin canilərin cəzalarına çatacağı günü gözləyirik. Bunun baş verməsi üçün də Azərbaycan tərəfi cənab Prezident başda olmaqla hərtərəfli çalışır, tədbirlər görür. Bu istiqamətdə haqq-ədalətin bərpa edilməsi üçün mübarizəmizi sona qədər davam etdirəcəyik.
Həmin cinayətkar ölkənin və soyqırımı törədənlərin dünya ictimaiyyəti tərəfindən nə səbəbdən cəzalandırılmamasına gəldikdə, bu, onunla bağlıdır ki, Ermənistan kimi cinayətkar dövləti, onun cinayətkar rəhbərlərini müdafiə, onlara havadarlıq edən qüvvələr mövcud olmaqdadırlar. Ermənistanı müdafiə edən bu havadarlar da hələlik güclüdürlər. Dünyada Dağlıq Qarabağ, Xocalı soyqırımı ilə bağlı məsələlərə bir çox beynəlxalq təşkilatlar, o cümlədən aparıcı dövlətlər ikili standartlar prizmasından yanaşırlar. Onlar bir çox hallarda ədalətsiz mövqe tutmaqla yaddaşlarda qalıblar. Bütün bu amillər də beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını törədən ölkə və onun cinayətkar rəhbərliyinə qarşı ədalətin öz yerini tutmasına çalışmamalarına gətirib çıxarır. Bütün hallarda mübarizəmizi sona qədər davam etdirəcəyik və əminəm ki, sonda torpaqlarımızın işğaldan azad olunacağına, ata-baba yurd-yuvalarından didərgin düşənlərin öz el-obalarına qayıtmasına da nail olacağıq və cinayətkarların cəzalandırılması üçün də lazımı işlər görüləcək, son nəticədə onlar da cəzalarını alacaqlar”.
Yurddaş Partiyasının sədri Mais Səfərli hesab edir ki, Xocalı soyqırımını törədən Ermənistana münasibətdə Qərbin sərgilədiyi qeyri-obyektiv münasibər xristian faktoru ilə bağlıdır: "Bu amildə də xristian faktorunun rolu çox böyükdür. Bir sıra ölkələr olmayan «erməni soyqırımı» ilə bağlı müxtəlif qanunlar qəbul ediblər. Özü də bu istiqamətdə Fransa ilə ABŞ daha aktivdirlər.
Məhz xristian amili Ermənistanın törətdiyi cinayətə görə bu günə kimi cavab verməməsinə gətirib çıxarıb. Bunun nəticəsidir ki, Ermənistan şirniklənərək hələ də torpaqlarımızı işğal altında saxlayır. Əlbəttə, erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırmaq üçün işləmək lazımdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva böyük işlər görüb və görürlər. Xristian dövlətlərinin üzərinə gedib, daimi olaraq onları bu soyqırıma laqeyd münasibət göstərməkdə qınasaq, buzu qırmış olacağıq”.