Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
DMX: Əcnəbilər onlayn qaydada müvafiq icazə qaydalarını əldə edə bilər

DMX: Əcnəbilər onlayn qaydada müvafiq icazə qaydalarını əldə edə bilər

Azərbaycanda olma müddəti bitən bütün əcnəbilərin müraciətləri 30 aprel tarixinədək qəbul olunmuş hesab edilir.

Lunar.az Trend-ə istinadən bildirir ki, bunu açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat katibi Elnur Kələntərli deyib.

Onun sözlərinə görə, bunun üçün DMX-nin qəbul şöbələrinə gəlməyə ehtiyac yoxdur:

"Ölkədə olan əcnəbilər elektron qaydada, yaxud onlayn sistem vasitəsi ilə dövlət rüsumunu ödəməklə, müvafiq icazə qaydalarını əldə edə bilərlər. Tezliklə Dövlət Miqrasiya Xidmətinin saytında kodlar yerləşdiriləcək və həmin kodlar vasitəsi ilə ödəniş terminallarından bu ödənişi həyata keçirə biləcəklər".

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə martın 23-dən xüsusi karantin rejiminin elan edilməsi əsas tutularaq, elektron müraciətlərin daha da asanlaşdırılması, şəxslər arasında təmasın minimuma endirilməsi və olma, yaşama icazələri ilə bağlı təqdim edilən sənədlərin optimallaşdırıması məqsədilə hazırda ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılır.

Aprelin 30-dək ölkədə olma müddəti bitən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir və onların ölkəmizdə olmaları "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət rüsumunun (30 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 15, yetkinlik yaşına çatmış şəxslər üçün 30 manat, 60 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 30, yetkinlik yaşına çatmış şəxslər üçün 60 manat) məbləğinə uyğun müddətdə qanuni hesab ediləcək.

Müraciətlərlə bağlı qəbul edilmiş qərarların hüquqi qüvvəyə minməsi, şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən rahat giriş-çıxış etmələri, gələcəkdə ölkə ərazisində qanunsuz miqrant vəziyyətinə düşməsi və müvafiq məsuliyyətə cəlb edilməsinin qarşısının alınması üçün dövlət rüsumunun ödənilməsi vacib tələbdir.

Ödəniş Dövlət Miqrasiya Xidmətinin internet səhifəsi üzərindən "müraciəti izlə" bölməsi vasitəsilə ödəniş nömrəsini əldə etməklə Hökumət Ödəniş Portalı, "ASAN ödəniş" sistemi vasitəsilə elektron qaydada və Expresspay terminalları vasitəsilə həyata keçirilə bilər. Ödəniş nömrələri üç gün ərzində Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdiriləcəkdir.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək zərurəti yoxdur. Bununla bağlı şəxslərdən Dövlət Miqrasiya Xidmətinin qəbul şöbələrinə yaxınlaşmamaları tövsiyə edilir. Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ