Virus mənbəyi olan əyləncə məkanları İmkanları var, amma dezinfeksiya işləri aparılmır – VİDEO
Ötən gün Nazirlər Kabinetinin qərarına əsasən bütün təhsil müəssisələrində dərslər dayandırıldı. Təbii ki, bu addımın atılmasını zəruri edən səbəb var idi. Koronavirus təhlükəsinin insanların sıx olduğu yerlərdə daha yüksək olması. Bunu nəzərə alan aidiyyatı qurumlar şagirdlərin bir müddət bir araya gəlməməsini məqsədəuyğun hesab etdi. Amma bu gün istirahət parkları və əyləncə mərkəzlərində müşahidə edilən vəziyyət bəzi valideynlərin bu tədbirin əsl mahiyyətini anlamadıqlarını göstərdi.
ARB xəbər komandası məsələ ilə bağlı araşdırma edib.
Valideyn: “Bağça bu gün bağlanıb, yoxdur. Uşaqlar da evdə oturmaq istəmir. Gözəl havadı, məcbur çıxartmışam gəzməyə”.
Fors-major vəziyyətdə verilən tətili fürsət bilənlər təkcə uşaqlar deyil. Əyləncə mərkəzləri də planda olmayan bu tətildən maksimum yararlanmağa çalışırlar. Açıq havada istirahəti müəyyən qədər başa düşmək olsa da, qapalı şəraitdəki bu sıxlıq təbii ki, özü-özlüyündə təhlükə saçır.
Jurnalist: Əyləncə mərkəzidir? Əyləncə mərkəzinin əməkdaşı: Bəli. Jurnalist: Proqramlarınız var? Əyləncə mərkəzinin əməkdaşı: Bəli var. Jurnalist: Hər gün proqram var? Əyləncə mərkəzinin əməkdaşı: Bəli hər gün. Jurnalist: Koronavirusa görə dezinfeksiya işləri aparılır? Əyləncə mərkəzinin əməkdaşı: Məxsusi olaraq virusa görə dezinfeksiya işləri aparılmasa da gündəlik həmin əyləncəli atraksionlar, oyun aparatları təmizlənir.
Balacaları qapalı yerlərə toplayan və gün ərzində yüzlərlə uşağın toxunduğu oyun aparatlarını isə əlbəttə ki, təhlükə mənbəyi hesab etmək olar. Əlaqə saxladığımız əksər əyləncə mərkəzlərində peşəkar dezinfeksiya işlərinin aparılmadığını öyrəndik.
Bu cür özəl müəssisələr yəqin ki, dezinfeksiya işlərinin aparılmasını dövlət qurumlarından gözləmir. Yetərincə müştərisi olan bu məkanların əlbəttə ki, zəruri qabaqlayıcı tədbirləri görmək üçün imkanları da var. Qalır, kiçik qonaqlarının sağlamlığını nəzərə alıb vaxtında işə başlamaq.