"İranda yeni koronavirusa (COVİD-19) yoluxanların sayı 28 nəfərə çatıb".
Lunar.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.
K.Cahanpur əlavə edib ki, ötən gün günorta saatlarına qədər ümumilikdə 18 nəfərin yeni virusa yoluxduğu qeydə alınmışdı. İndiyədək təsdiqlənən məlumata görə, 10 nəfər də yoluxanların siyahısına əlavə olunub.
Onun sözlərinə görə, 10 nəfərin 8-i Qum, 2-i isə Tehran şəhərindədir.
Nazirlik rəsmisi yeni virus nəticəsində ötən sutka ərzində 1 nəfərin həlak olduğunu və ümumilikdə xəstəlikdən 5 nəfərin dünyasını dəyişdiyini təsdiqləyib.
K.Cahanpur bildirib ki, hazırda İranda yeni virus şübhəsi ilə 785 nəfər xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, virus Qum şəhərindən digər vilayətlərə yayılıb.