TOS-1A ağır oqnemyot sistemləri
Rusiya hökuməti Ermənistan ordusunun müasir silahla təminatı üçün güzəştli kredit ayırıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya hökumətinin rəsmi saytı xəbər verib.
Moskva Ermənistanın silahlandırılması üçün 200 milyon dollar kredit ayırıb. Ermənilərə borc 10 il müddətinə 2018-ci ilin əvvəlindən qaytarılmaq şərtilə verilib.
"Avtobaza-M" kəşfiyyat radiotexnika kompleksi
Kredit razılaşmasında Ermənistanın Rusiyadan "Smerç" reaktiv sistemini və onun döyüş sursatlarını, ZRK "İqla-S" və onun raketlərini, "Avtobaza-M" kəşfiyyat radiotexnika kompleksləri, TOS-1A ağır oqnemyot sistemləri TZM-T nəqliyyat-yükləyən maşınlarilə, 9M113M idarə olunan raketləri, RPQ-26 qumbaraatanları, B-429E partladıcıları, Draqunov SVD - snayper tüfəngləri, zirehli tank texnikası, "Tiqr" zirehli avtomobilləri, mühəndislik vasitələri və əlaqə vasitələrinin alınması nəzərdə tutulur.
Bu məlumatı ANS PRESS-ə şərh edən hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, son hadisələr fonunda Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla yanaşı Türkiyəyə də bir mesajdır.
Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov
“Son vaxtlar Rusiyadan olan “dost”larımız yeri gəldi-gəlmədi bəzi məlumatlardan geninə-boluna istifadə edirlər. Artıq Rusiya rəsmiləri və qeyri-rəsmiləri aktiv hərəkətə keçiblər. Onlar açıq mətn ilə Azərbaycana təzyiq etməyə başlayıblar. Bildirirlər ki, Azərbaycan ya Türkiyə, ya da Rusiya seçimi etməlidir. Əvvəllər onlar bunu demirdilər. Bu gün heç bir nəticə ortaya qoymayan Rusiya ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac olmadığını deyir. Rusiya bunu deyə bilər ki, qərarı Azərbaycan verir. Türkiyədə baş vermiş son hadisələrin fonunda indi hədə-qorxu gəlirlər. Xəzərdə müharibədən, Ankaraya nüvə zərbəsi vurmaqdan danışırlar. Bir sözlə, geniş informasiya müharibəsi gedir. Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlunun Kerri ilə Bakıda olduğu zaman telefonla danışması onları bir az da qıcıqlandırır ki, yəni ABŞ dövlət katibi Çavuşoğluna müəyyən təlimatlar verir. Ermənistana verilən silahlar isə olduqca təhlükəli və ağır silahlardır".
Keçən il iyunun 26-da İrəvanda keçirilən hökumətlərarası komissiyanın iclası çərçivəsində Ermənistan və Rusiya arasında 200 milyon dollarlıq kredit razılaşması imzalanıb
Qeyd edək ki, ötən il iyunun 26-da İrəvanda keçirilən hökumətlərarası komissiyanın iclası çərçivəsində Ermənistan və Rusiya arasında 200 milyon dollarlıq kredit razılaşması imzalanıb. Bununla Rusiya Federasiyası hökuməti Ermənistan ordusunun müasir silahla təminatı üçün 200 milyon dollar məbləğində güzəştli kredit ayırıb. Rusiya nümayəndə heyətinə komissiyanın Rusiya tərəfdən həmsədri, bu ölkənin nəqliyyat naziri Maksim Sokolov rəhbərlik edib.
Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən davam edir. 1992-1994-cü illərdə Ermənistanın işğalçı qüvvələri tərəfindən Azərbaycanın Qarabağ və ona bitişik 7 rayon təcavüzə məruz qaldı. Həmin dövrdən münaqişənin nizama salınması ilə Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxil olan ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun həmsədrləri isə Rusiya, ABŞ və Fransadır.