Düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur. Bu barədə ANS PRESS-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən verilən məlumatda bildirilir ki, erməni hərbi rəhbərliyinin silahlı qüvvələrində baş verən çoxsaylı itkilərini əhalisindən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib.
"Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur", - Müdafiə nazirliyi bildirir.
Qeyd olunub ki, bu gün də baş verən insidentdə tələfatın sayı çox olduğundan və qarşı tərəf ölənlər barədə məlumatı gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb:
"Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq".
Bu gün cəbhədə atışma zamanı iki erməni hərbçinin ödüyü barədə məlumat yayılıb.
Erməni mətbuatında yer alan məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Əsgərlərin hər ikisi odlu silahdan açılan atəş nəticəsində ölüb. Ölənlər 1997-ci il təvəllüdlü Kamo Ovanisyan və Temur Suloyandır.
Bənzər hadisə ötən gün də baş verib. 1997-ci il təvəllüdlü David Terteryanın hansı şəraitdə öldürülməsi barədə heç bir informasiya verilmir.