Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
14 yaşlı Aygünün həyat dramı: Ana Türkiyəyə ərə getdi, ata küçəyə atdı

14 yaşlı Aygünün həyat dramı: Ana Türkiyəyə ərə getdi, ata küçəyə atdı

...Sığınacağımıza indiyədək yüzlərlə uşaq gətirilib. Kimisi şiddət gördüyü üçün evdən qaçıb, kimisi də valideynləri, yaxınları tərəfindən küçəyə atılıb. Valideynləri öldüyü üçün küçələrdə yaşayanlar da var. Amma bu qız sığınacaqda keçirdiyi ilk gecəsini yəqin ki heç vaxt unutmayacaq...

14 yaşlı Aygün Hüseynova (adı dəyişdirilib) dekabrın 19-da polislər tərəfindən Azərbaycan Uşaqlar Birliyinin sığınacağına gətirilib. Atası yeganə övladından imtina edib.

Təşkilatın rəhbəri Kəmalə Ağazadə deyir ki, Aygün bütün gecəni bir nöqtəyə baxıb ah çəkməklə keçirib. Səhərə kimi nə su içib, nə də yemək yeyib. Yalnız səhəri gün psixoloq və sosial işçilərin köməyi ilə yaşadıqlarını danışıb. "İllərdir problemli ailələrlə işləyirik. Övladından imtina edən valideynlərlə tez-tez rastlaşırıq. Əksər hallarda atalar övladından imtina edirlər. Amma ilk dəfədir ki, belə hadisə ilə rastlaşıram. Ana doğma balası ilə ədavət aparır. Hətta qohumlarının Aygünü övladlığa götürməsinə mane olur, uşağa kömək etmələrinə imkan vermir. Aygünün sığınacaqda və ya küçədə yaşamasına razıdır", - K.Ağazadə virtualaz.org saytına hadisə ilə bağlı danışıb.

Lunar.az sözügedən sayta istinadən xəbər verir ki, Aygünün atası ilə anası ayrılıb, anası yenidən ailə qurub. Məhkəmə Aygünü anasının qəyyumluğuna verib. Lakin qız məhkəmədə anası ilə deyil, atası ilə qalmaq istədiyini deyib. Aygünün istəyi nəzərə alınıb, məhkəmənin qərarı ilə onu atasının himayəsinə veriblər.

Kəmalə Ağazadə söyləyir ki, qızın anasından imtina etməsinin müəyyən səbəbləri olub. Qız Türkiyəyə gedib, orada yaşamaq istəməyib.

Amma sonradan ata da uşaqdan imtina edib. Çünki ona baxmaq, uşağa sahib çıxmaq lazım gəlib. Ata isə belə məsuliyyətin altına girmək istəməyib. "Ata 2 gündən sonra gəlib rəsmi şəkildə uşaqdan imtina edəcək. Amma xalası Aygünü öz yanında saxlamağa razıdır, onun uşağa baxmaq üçün maddi imkanı var. Aygün də xalasının yanında qalmaq istəyir. Hiss olunur ki, hər ikisi bir-birini çox istəyir. Amma anası Aygünün xalasının himayəsinə verilməsinə razı deyil. Qızının onu istəməməsi səbəbindən uşaqla ədavət aparır. Qızın reabilitasiyasından sonra xalasının qəyyumluğuna verilməsinə çalışacağıq", - sığınacaq rəhbəri qeyd edib.

Aygün 1 ildir məktəbə getmir. Atası deyib ki, artıq məktəbə getməsinə ehtiyac yoxdur. Hətta sənədlərini də götürüb ki, məktəbdən zəng vurub maraqlanan olmasın. Hazırda sığınacaqda 1 yaşından 16 yaşa qədər 40 uşaq qalır. Uşaqlar Şaxta Babaya məktub yazaraq yeni ildə onlara hədiyyə gətirməsini xahiş ediblər. Aygün də məktub yazıb: "Şaxta Baba, mənə çanta gətir, içində dəftəri, qələmi, kitabları olsun. Mən dərsə gedib, oxumaq istəyirəm. Ona görə ki, küçələrdə qalan, atılmış uşaqları tapım, əlləri, ayaqları soyuqdan donmasın. Mən artıq üşümürəm, bura istidir".

Kəmalə xanım onu da deyir ki, sığınacağa gətirilən bütün uşaqlarla psixoloji iş aparılır, azyaşlılar uzun müddət reabilitasiya proqramına cəlb edilirlər. Amma yaşadıqları dəhşətləri unutmurlar. Uşaqlara mərhəmət hissini aşılamağa çalışırlar. Mərhəmətli olsunlar ki, onlarla qəddar rəftar edənlərin səhvlərini təkrarlamasınlar.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ