İndiyə qədər bəzi şirkətlər ağır işlərdə çalışan işçilərinə süd və buna bənzər əlavə qidalar verirdi. Ancaq bu hal, şirkətlər üçün məcburi deyildi. Bundan sonra ağır işlərdə çalışan hər bir şəxsə pulsuz süd və əlavə müalicəvi qidaların verilməsi məcburi olacaq. Nazirlər kabineti bununla bağlı qaydaları təsdiqləyib. Bəs bu hansı kateqoriyadan olan işçilərə şamil ediləcək?
Lunar.az xezerxeber.az-a istinadən bildirir ki, sovet hakimiyyəti dönəmində mövcud olan, ancaq sonradan unudulan qayda yenidən bərpa olundu. Belə ki, yenidən ağır işlərdə işləyənlərə pulsuz olaraq müalicəvi xüsusiyyətə malik qidalar veriləcək. Nazirlər Kabineti zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatlarda çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi qaydalarını təsdiq edib. Əmək hüquqları üzrə mütəxəssis Sahib Məmmədov bildirir ki, bu qaydaya bəzi şirkətlər riayət etsə də bundan sonra bütün şirkətlərin əməl etməsi məcburi olacaq. Qərara əsasən, zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların siyahısı təsdiqlənib. Ekspert bildirir ki, süd və əlavə qidalar tam olaraq şirkətlər, müəssisələrin öz hesabına veriləcək. Səhiyyə Nazirliyinə bir ay müddətində "Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi"ni təsdiq etmək tapşırılıb.