Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana baş tutacaq səfərinin vaxtı bəlli olub.
ANS PRESS-in İHA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfər fevral ayının 18-də baş tutacaq. Türkiyənin Prezident Administrasiyasının mətbuat mərkəzinin məlumattına görə, Ərdoğan səfəri zamanı Gəncə şəhərinə gedəcək.
Səfər zamanı Gəncədə dövlət başçılarının sədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.
Bildirilir ki, iclas çərçivəsində ikitərəfli münasibətlərin hərtərəfli inkişafına, və əməkdaşlığın daha da irəliyə aparılması üçün bir sıra danışıqlar baş tutacaq, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regionda və dünyada baş verən hadisələr müzakirə olunacaq. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.
R. T. Ərdoğanın Bakıya səfər edəcəyi ilə bağlı ilkin məlumat fevralın 2-də yayılıb.
Bu barədə Türkiyə hökumətindəki mənbə məlumat verib. Azərbaycana Rəcəb Tayyib Ərdoğanla yanaşı Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bəzi nazirlərin gələcəyi gözlənilir.
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana sonuncu dəfə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ötən il iyunun 12-də səfər edib.
R.T.Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, turizm və mədəniyyət naziri Ömer Çelik, müdafiə naziri İsmet Yılmaz, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, gənclik və idman naziri Akif Çağatay Kılıç, keçmiş nəqliyyat, dənizçilik və rabitə naziri Binali Yıldırım, prezidentin sözçüsü İbrahim Kalın, Anadolu xəbər agentliyinin rəhbəri Şenol Kazancı müşayiət edirdi.