Hindistanın Çattişgarh ştatında baş verən qəribə hadisə bütün dünyanın marağına səbəb olub. Bir hakim bağına icazəsiz girən keçi və onun sahibinin həbs olunmasına qərar verib.
Raipur şəhərində qeydə alınan hadisə qısa zamanda ölkədə rezonans yaradıb. Əbdül Həsən adlı sakinin keçi ilə birgə dəmir barmaqlıqlar arxasına salınmasını hərə bir cür izah edib. Ancaq bir müddət əvvəl təcavüzdə ittiham olunan bir şübhəlinin cəzalandırılmadan sərbəst buraxılması fonunda şüursuz keçinin həbs olunması sakinlərin səbr kasasını daşırıb.
Polis idarəsindən bildirilib ki, keçi mülkiyyət hüququnu müntəzəm qaydada pozduğu üçün azadlıqdan məhrum edilib. Ancaq heyvanın haqqı tezliklə bərpa olunub. Məhkəmə təqsirləndirilən keçinin zaminə buraxılmasına razılıq verib. Ancaq keçinin sahibi Əbdül Həsən onun qədər şanslı olmayıb. Sözügedən şəxsin 2 ildən 7 ilədək həbsi tələb edilir. İndi Əbdül Həsən tələb olunan vaxtlarda hakim qarşısına çıxıb günahsız olduğunu sübuta yetirməlidir.
Qəribə hadisəyə ölkə rəsmiləri də biganə qalmayıb. Konqres partiyasının lideri Nitin Trivedi polislərin keçini həbs etməklə, insanlar arasında məsxərə obyektinə çevrildiyini deyib. Onun sözlərinə görə, təcavüzkarların azadlıqda olduğu bir ölkədə heyvanın dəmir barmaqlıqlar arxasına salınması sadəcə axmaqlıdır.