IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.
Lunar.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak edirlər.
Mərasimdə nitq söyləyən dövlət başçısı bildirib ki, ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib.
Forum iştirakçılarının sayının hər il artdığını qeyd edən prezident bildirib ki, foruma 120 ölkədən iştirakçı qatılıb.
“Mədəniyyətlərarası dialoq olmasa, bütün dünya təhlükə ilə üzləşər. Azərbaycan sivilizasiyaların qovuşduğu məkan rolunu oynamalıdır. Ölkəmiz tolerantlığı, dini dözümlülüyü ilə fəxr edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri dinc şəraitdə yaşayır. Fərəh edirik ki, 743-cü ildə tikilmiş məscid Şamaxı şəhərində yerləşir. Qədim kilsələrdən biri isə Şəki şəhərindədir. Zərdüşt dininə aid olan atəşgah da Azərbaycandadır. Bu gün ölkəmizdə mövcud olan məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən qorunur, bərpa edilir", - deyə İlham Əliyev bildirib.
Multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bildirən prezident deyib ki, tarixi dövrdən, siyasi sistemdən asılı olmayaraq, Azərbaycan xalqı hər zaman multikulturalizmi dəstəkləyib və ölkə hüdudlarından kənarda yayıb.
“2011-ci ildə ilk dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş format yaratmaq istəyimizdən irəli gəldi. Bu gün dünyada bəzi proseslər, münaqişələr, vətəndaş müharibələri baş verir. Bu, müxtəlif dinlərin, etnik qruplar arasında anlaşmanın çatışmazlığından irəli gəlir. Keçən il Azərbaycanda Multikulturalizm ili, bu il İslam Həmrəyliyi ili elan edilib. Bu, həm də regionda anlaşmaya xidmət edir", - dövlət başçısı bildirib.
Forumda 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir. Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunur.
Forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçiriləcək.