Sabirabad polisi sürücünü ağlatdı - Onun barəsində hansı tədbir görüləcək?(Video)
Yol polisi sürücünü ələ salıb ağlatdı.
Lunar.az məlumat verir ki, görüntülər Sabirabad rayonu ərazisindəki Dövlət Yol Polis Postunda çəkilib.
Məlumata görə, sosial şəbəkələrdə yayılan bu videonu yol polisi əməkdaşı özü çəkib, onu yayan isə həmin polisin tanışı olub. Hadisə Dövlət Yol Polisinin Sabirabad postunda baş verib. 99-YP-965 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkərək öz tanışına göndərib.
Ümumiyyətlə, belə anlaşılır ki, bu sürücü yük avtomobili idarə edir. Və o, yol polisinin "saxla" işarəsinə əməl etməyərək hərəkəti davam etdirib. Sürücü özü də etiraf edir ki, səhv edib. Amma polis əməkdaşı isə sürücünün ünvanına qeyri-etik sözlər işlədərək, onu 700 manat cərimə ilə hədələyir.
Sürücünün yalvarışlarından sonra belə anlaşılır ki, onu sərbəst buraxıblar. Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev ''Xəzər Xəbər''ə bildirdi ki, məsələ idarədə araşdırılır və araşdırmanın sonunda hüquqi qiymət veriləcək.
Əlbəttə, sürücünün yol polisinin "saxla" əmrinə riayət etməməsi təqdir olunası hal deyil. Bəs yol polis əməkdaşının sürücünün yazıq görkəm alıb yalvarmasını və ağlamasını telefonla çəkib tanışına göndərməsi necə, bu, cəzasız qalmalıdır?
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, bu, tamamilə qanunaziddir: "Bu görüntüləri çəkib yaymaqla yol polisləri sürücünün şərəf və ləyaqətini alçaldırlar. Hər iki yol polisinin əməlinə hüquqi qiymət verilməlidir və onlar qanun qarşısında cəzalandırılmaldır",- deyə ekspert bildirdi.