Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Düşmən tapşırıq alıb, vəziyyət gərginləşəcək - XƏBƏRDARLIQ

Düşmən tapşırıq alıb, vəziyyət gərginləşəcək - XƏBƏRDARLIQ

Düşmən tapşırıq alıb, vəziyyət gərginləşəcək - XƏBƏRDARLIQ



Artıq bir neçə müddət idi ki, Azərbaycan Müdafiə Naziriliyinin cəbhə xəttindəki vəziyyətlə bağlı yaydığı məlumatlardakı statistika Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarının artdığı tendensiyasını göstərirdi. Halbuki, Azərbaycan və Ermənistan prezidentlərinin Avstriya və Rusiya görüşlərindən sonra bu hallar son aylar, demək olar ki, minimuma enmişdi.



Buna baxmayaraq, ekspertlər xəbərdar edirdilər ki, düşmən tərəfi təxribatlar törətməkdən əl çəkməyəcək, xüsusən də Ermənistanın Müdafiə Nazirliyinə yeni rəhbər təyin olunandan sonra bu hallar daha da artacaq və düşmən aprel hadisələrinə görə revanş götürməyə çalışacaq.



Artıq proqnozlar özünü doğrultmağa başlayıb. Belə ki, Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər. Düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.



Artıq bu fakt erməni tərəfindən üstüörtülü şəkildə də olsa, demək olar ki, təsdiq edilir. Belə ki, Ermənistan KİV-lərinin yaydığı məlumatlara görə, oktyabrın 26-da qoşunların təmas xəttində erməni silahlı bölmələrinin təxribatının qarşısı alınarkən 1996-cı il təvəllüdlü Qurqen Ayvazyan cavab atəşi ilə məhv edilib.



Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Məsələ ilə bağlı cəbhədəki vəziyyəti Milli.Az-a şərh edən tanınmış hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, düşmən təxribatlarının sayı bundan sonra getdikcə artacaq:





"Ermənistanın yeni müdafiə naziri Vigen Sarkisyanın Ermənistan parlamentində sentyabrın 26-da etdiyi çıxşı zaman ona ünvanlanan sərt suallara cavabından hiss olunurdu ki, onun müdafiə naziri təyin olunması ilə bağlı bəzi adamlarda hələ də qeyri-müəyyənlik var. Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün o, Baş Qərargah rəisi, vaxtilə Dağlıq Qarabağdakı separatçı rejimin müdafiə naziri olmuş Movses Akopyanla birgə bütün cəbhə boyu Azərbaycan hərbçiləri və döyüş texnikasının vurulması, o cümlədən snayper və kəşfiyyat-diversiya xarakterli əməlllərlə bağlı müvafiq göstərişlər verib. Bu cür təxribatlar yaxın günlərdə gözlənilən idi.




Çünki biz öncədən də bildirmişdik ki, hərbi məsələlərdən başı çıxmayan Vigen Sarkisyan çalışacaq ki, ağası olan prezident Serj Sarkisyanın başını uca eləsin və ona göstərilən etimadı doğrultsun. Ona görə Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu hazır olmalı və düşmənə zərrə qədər də imkan verilməməlidir. Əslində işğal edilmiş və mürəkkəb iqlim şəraiti olan həmin ərazilər Azərbaycana məxsusdur və biz oranı düşməndən daha yaxşı bilməliyik. Yaxşı ki, Müdafiə Nazirliyimiz də bunları nəzərə alır, elə ona görə də ordumuz ermənilərin bizə qarşı həyata keçirmək istədiyi kəşfiyyat-diversiya xarakterli hərəkəti öncədən aşkarlayıb və düşmənə qabaqlayıcı zərbə vurub. Bu, çox yaxşı haldır. Amma bunun davamı gələcək və düşmən verdiyi itkilərin əvəzini çıxmaq üçün mütləq bizim mövqelərimizə soxulmağa çalışacaq, canlı qüvvə və texnikanı sıradan çıxarmaq üçün canfəşanlıq edəcək. Ona görə də onsuz da sutkanın 24 saatını döyüş şəraitində keçirən şəxsi heyətə bu aralarda bir qədər də gücləndirilmiş rejimdə xidmət aparmağı və düşmənin burnu ovulana qədər həddən artıq ayıq-sayıq olmağı tövsiyə edərdim".




Ekspertin fikrincə, təxribatların sayı və miqyası getdikcə artacaq, hətta onların böyük hərbi əməliyyatlara, müharibəyə çevrilmə ehtimalı da var: "Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin statistikasına nəzər saldıqda görmək olar ki, ilin bu ayları genişmiqyaslı toqquşmalar üçün ən münbit vaxtlardan biridir. Hər şey ola bilər. Baxmayaraq ki, bəzi ərazilərdə artıq qar yağıb, hava çox soyuqdur, yağışlı, palçıqlıdır, amma indiyədək yaşanan gərginliyin xronologiyasına əsasən, hesab edirəm ki, istənilən aktiv döyüş əməliyyatlarının başlanması mümkündür".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ