Suriyadakı müxalifət dəstələrini birləşdirən "Demokratik Suriya qüvvələri" (Syrian Democratic Forces, SDF) koalisiyası ölkənin şimalındakı Mənbij şəhərini "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edib.
Hələb və Rəqqa şəhərlərinə aparan yolların kəsişməsində yerləşən Mənbij uğrunda döyüşlərdə 2 min yerli sakin azad olunub.
lunar.az bildirir ki, İŞİD terrorçuları bu sakinlərdən "canlı sipər" qismində istifadə edirdilər. Sakinlərin hamısı təhlükəsiz məkanlara aparılaraq tibbi yardım alıblar.
Mənbij ətrafında üç qaçqın düşərgəsi yaradılıb. Həmin düşərgələrdə şəhərdən və ətrafdakı 12 kənddən qaçan 150 min sakin yaşayır.
SDF koalisiyasına Suriya prezidenti Bəşər Əsəd rejiminə qarşı vuruşan suriyalı ərəblər və kürdlər daxildir. Koalisiyanı ABŞ və Rusiya dəstəkləyirlər.
Mənbij uğrunda döyüşlər iyunun əvvələrində başlanmışdı.
Şəhərdən qaçan İŞİD terrorçuları Türkiyə ilə sərhədin yaxınlığında yerləşən Cerablus şəhərinə qaçıblar. İŞİD bu şəhəri üç il əvvəl ələ keçirib.
Mənbij şəhəri azad olunan kimi şəhərdə yaşayan qadınlar üzlərindəki niqabları çıxararaq yandırdilar.