Fransanın Nitsa şəhərində dəhşətli terror hadisəsi baş verib. Terrorçu yüksək sürətlə idarə etdiyi yük maşını ilə Bastiliya qalasının alınması günü münasibətilə keçirilən bayram yürüşündə atəşfəşanlığı izləmək üçün toplaşan izdihamın üstünə çıxıb. O, bulvarda 2 kilometrə qədər sürdüyü yük maşını ilə qarşısına çıxan hər kəsi əzib. Daha sonra insanlar atəşə tutulub. Polislər maşının arxasınca qaçaraq və atəş açaraq dayandırmağa çalışsalar da, yalnız 2 km irəlilədikdən sonra dayandırmağa müvəffəq ola biliblər. Terrorçu polis tərəfindən zərərsizləşdirilsə də, hadisə nəticəsində 84-nəfər ölüb, 100-dən çox yaralı var.
Nitsa şəhər bələdiyyəsinin sədri Kristian Estrosi bildirib ki, terrorda ölənlərin 12-si uşaqdır. Onun sözlərinə görə, yaralılardan 18-nin durumu ağırdır. Hadisə şahidlərinin sözlərinə görə, izdiham arasında dəhşətli anlar yaşanıb. "Biz insanların qopan əzalarının kənara uçduğunu gördük" - deyə "Frans-Press" agentliyinin müxbiri deyir.
İŞİD terrora görə məsuliyyəti öz üzərinə götürdü
İlkin araşdırmalar zamanı məlum olub ki, yük maşınını sürən şəxs əslən Tunisdən olan 31 yaşlı Məhəmməd Lahouaiej Bouhleldir. O, terrorun törədilməsində istifadə etdiyi yük maşınını icarəyə götürüb və maşında silah, qumbaralar aşkarlanıb. "iTele" telekanalının məlumatına görə, qeyd olunan şəxs xırda qanun pozuntularıyla əlaqədar hüquq-mühafizə orqanlarının nəzarətində olsa da, onun terrorçularla əlaqədə olması indiyədək qeydə alınmayıb.
Fransanın Daxili Təhlükəsizlik İdarəsinin rəisi Patrik Kalvar Nitsadakı hücumdan bir müddət əvvəl nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı mümkün terror aktları barədə xəbərdarlıq etmiş, İŞİD terrorçularının hücum taktikasını dəyişəcəklərinə əmin olduğunu bildirmişdi: "Onlar minalanmış avtomobillərdən və partlayıcı qurğulardan istifadə edəcəklər".
İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti üzərinə götürüb. Fransa Müsəlmanları Şurası isə terror aktını pisləyən bəyanat yayıb. Şura Nitsanın sakinləri ilə tam həmrəy olduğunu bildirərək, qurbanların yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib və terror qurbanlarının ruhuna dua oxumağa çağırıb.
Olland: "Fransa ona hücum edən fanatiklərdən daha güclü olacaq"
Hadisə ilə əlaqədar Fransada üç günlük matəm elan edilib. Fransa prezidenti Fransua Olland xalqa telemüraciətində üç ay davam edən fövqəladə vəziyyət rejiminin müddətini artırdığını bildirib. O hücumu "terror aktı" adlandırıb və deyib ki, bu, son 18 ayda Fransa torpağında üçüncü belə hücumdur: "Fransa ona hücum edən fanatiklərdən daha güclü olacaq, sizə söz verirəm. Heç kəs bizi terrorçuluqla mübarizədən çəkilməyə məcbur edə bilməz" - prezident deyib.
Dünən Fransua Olland Nitsa şəhərinə səfər edib. Onun təhlükəsizlik qüvvələri ilə müşavirə keçirməsi gözlənilir. Prezidentlə yanaşı baş nazir Manuel Vals və daxili işlər naziri Bernar Kaznev də Nitsaya gediblər.
Azərbaycan prezidenti İlham Əliyev də Fransa prezidenti Fransua Ollanda başsağlığı verib. "Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik".
Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
Terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib. Azərbaycanın Fransadakı səfirliyindən verilən məlumata görə, Nitsadakı terror hücumunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Ermənistan Xarici İşlər Nazirliyi isə terror aktında 2 erməninin öldüyü, 2-sinin isə yaralandığı barədə məlumat yayıb. Ölənlərin hər ikisinin qadın olduğu bildirilir.
Nitsa - Fransanın "Turizm cənnəti" adlandırılan şəhəri
Parisdəki Azərbaycan Evinin rəhbəri, Fransada yaşayan azərbaycanlı Mirvari Fətəliyeva Fransanın kurort şəhəri Nitsada törədilən dəhşətli terror hadisəsi ilə bağlı "Eurasia Diary"ə danışıb. Onun sözlərinə görə, terror hadisəsinin məhz bayram günü və Fransanın "Turizm cənnəti" adlandırılan şəhərdə törədilməsi insanlarda çaşqınlıq yaradıb. Yaxın günlərdə Nitsada planlaşdırılan əyləncəli tədbirlərin təxirə salındığını, ictimai çimərliklərin isə əhali üçün bağlandığını bildirən M. Fətəliyeva turistlərdə məyusluq hissinin də artdığını bildirib: "Baxmayaraq ki, Fransa hökuməti və xüsusi xidmət orqanları terrorizmlə mübarizə və xüsusi anti-terror əməliyyatlarına xüsusi həssaslıqla yanaşırdı, polis, təhlükəsizlik sistemləri ciddiləşdirilmişdi, belə bir terror yaşandı. Yəni bu hadisəyə görə sırf xüsusi xidmət orqanlarının fəaliyyətini günahlandırmaq səhv olardı. 66 milyonluq Fransa əhalisinin daima, hər yerdə təhlükəsizliyini qorumaq çox çətin məsələdir. Bu gün səhər işə qatarla gəldim. İnsanların bəziləri hətta qatarlara minməyə tərəddüd edirlər. Hər kəs qorxu içindədir.
Terror təhlükəsi tək Parisdə və ya Nitsada deyil, bütün dövlətlərdədir. Təhlükəsizlik sisteminin kifayət qədər infişaf etdiyi Fransa kimi ölkədə belə bir terror aktı törədilirsə, digər ölkələrdəki təhlükəni təxmin etmək belə insanı qorxudur" deyə M.Fətəliyeva bildirib.
Niyə məhz Fransa?
Qeyd edək ki, ötən il noyabrın 13-də də Fransanın paytaxtı Parisdə törədilən silsilə partlayışlar və silahlı hücumlarda 100-dən artıq insan həlak olub və yaralanmışdı. Son 8 ayda ikinci dəfə eyni avropa ölkəsinin terrorçular tərəfindən həfəd seçilməsi "niyə məhz Fransa" sualını yaradır?
Politoloq İlham İsmayıl "Bizim Yol" qəzetinə açıqlamasında bildirib ki, bunun tarixi səbəbləri də var. "8 ay əvvəl Parisdə baş verən terror hadisəsini də məhz ərəb kökənli fransız vətəndaşı həyata keçirmişdi. Həmçinin Belçikadakı terroru da ərəb əsilli Belçika vətəndaşı törətmişdi. İŞİD üçün terror aktını törətmək hansı bir Azərbaycan, Rusiya və s. ölkənin vətəndaşından yox, məhz elə həmin ölkənin vətəndaşından istifadə etmək daha asandır. Fransanın tarixən XIX- XX əsrdə Şimali Afrika ölkələri, yəni ərəb dövlətləri ilə çox sıx bağları olub. Ərəblər uzun müddət köç ediblər və Fransada ərəb kökənli vətəndaşlar çoxdur. Fransada dünyaya gələn ərəb kökənli bəzi vətəndaşlar radikal islamçıların təsiri altındadır. Bu səbəbdən də o gənclər İŞİD-lə bağlantılar qururlar. 8 ay əvvəl olduğu kimi, indi də terroru törədən ərəb kökənli fransız vətəndaşıdır. O, Nitsa şəhərinin sakinidir, şəhəri yaxşı tanıyır, hər şeydən xəbərdardır və bundan maksimum istifadə edib".
"Bütün demokratik ölkələr terrorçuların hədəfindədir"
İlham İsmayıl deyir ki, Fransa xüsusi xidmət orqanları belə bir terrorun olacağından xəbərdar olsalar da, bunun məhz Nitsada olacağını bilmirdilər. Əvvəlcə Avropa çempionatı ərəfəsində, çempionat dövründə də terror gözləyirdilər. Bunun baş verməməsinin səbəbi odur ki, oyunların keçirildiyi yer konkret stadionlardır. Stadionların girişi-çıxışı bəllidir, hər tərəfdən qorunur, mühafizə olunur. Hətta "canlı bombadan" belə istifadə etmək mümkün olmadığına görə çempionat dövründə bu, baş vermədi. Bu, həm də onu göstərir ki, İŞİD rəhbərləri fərqli taktiki addımlar atırlar. Terror üçün gözlənilən vaxtı deyil, tamam başqa bir anı seçirlər və hədəflərinə çatırlar. Terrorun əsas hədəfi odur ki, şiddət, qorxu və ölənlərin sayı çox olsun. Burada da 84 nəfər öldü. Çünki 14 iyul özəl bir gündür. Bu tarix Fransa ilə yanaşı bütün demokratik ölkələr üçün özəldir. 1789-cu ildə Bastiliya qalasının alınması ilə İnsan Haqları Bəyannaməsi imzalanıb. Planetin demokratikləşməsi prosesi də həmin gündən başlayıb. Bütün demokratik ölkələr də terrorçuların hədəfindədir. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq demokratik olmayan ölkələr hədəfdə deyil. Məhz bu ölkələr terrorun, diktaturanın əleyhinə olduğuna görə onları seçirlər. Fransa böyük dövlətdir, İŞİD-ə qarşı mübarizədə canlı qüvvədən istifadə etməsə də, zamanında aviasiyadan istifadə ediblər".
Politoloq qeyd edir ki, Fransa kəskin siyasi dönəmini yaşayır. "2017-ci ildə prezident və parlament seçkiləri keçiriləcək. Məsələnin bu dövrdə belə bir vəziyyətə çatması Fransanı həqiqi mənada çətin duruma salıb. Nitsa da beynəlxalq səviyyəli kurort şəhəri idi. Necə ki, Türkiyədə hava limanında terror həyata keçirməklə ölkənin təhlükəsizlik məsələsini sual altında qoymaq, qorxunc vəziyyət obrazı məsələsi vardı, burada da həmin məqsəd güdülür".
"Terror davam edəcək"
İlham İsmayıl bildirir ki, qəti addımlar atılmayana qədər bu cür hallar davam edəcək. "Fransa da, Türkiyə də, bütün Qərb dünyası, demokratik dünya terrorun hədəfindədir. Ona görə də dünyanın yeni düzəni qurulmalıdır. Necə ki, II Dünya müharibəsindən sonra BMT yarandı, dünya müharibələrinin qarşısının alınması üçün Təhlükəsizlik Şurası yaranıb, dövlətlər arasında münasibətlər beynəlxalq hüquqla tənzimlənir, terrorun qarşısını almaq üçün də yenidən bir düzən qurmaq lazımdır. Sadəcə olaraq hansısa konvensiya ilə, qanun qəbul eləməklə, qərarla terroru bitirmək mümkün deyil. Yeni bir qurum yaradılmalı, düzən qurulmalı, dövlətlərarası münasibətlər bütün incəliklərinə qədər hesablanmalıdır ki, terroru tam aradan çıxartmaq mümkün olmasa da, kütləvi hal almasının qarşısı alınsın. Yoxsa terror bütün dünyanı bürüyəcək. Çünki dövlətlər bir-birinə təzyiq vasitəsi kimi artıq müharibələrdən yox, terrorçulardan istifadə edirlər. Çox təəssüf ki, belə bir ikili oyunlar da var" - deyə politoloq qeyd edir.