Cəbhəboyu zonada yeni tikilən növbəti hərbi hissənin açılışı olub.
Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən lunar.az-e verilən məlumata görə, MN rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub.
Şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün istiqamətlərdə islahatlar həyata keçirdiyini, bu islahatların nəticələrinin artıq ortada olduğunu bildirib: "Ordunun silahlanmasına ən müasir, aparıcı dövlətlərin istehsalı olan yeni silahlar, sursatlar, avadanlıq və texnikalar qəbul edilir.
Silahlı Qüvvələrin sosial bazası möhkəmlənir, şəxsi heyət üçün yeni şəhərciklər istifadəyə verilir. Onlara xidməti yüksək səviyyədə təşkil etmək üçün bütün şərait yaradılır. Artıq bu il bir neçə hərbi hissənin açılışını həyata keçirmişik. Bunların hamısı torpaqlarımızn işğaldan azad edilməsi üçün Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyədə olması məqsədilə görülən işlərdir.
Aprel döyüşləri zamanı torpaqlarımızın bir qisminin işğaldan azad edilməsində biz Silahlı Qüvvələrimizin döyüş ruhunu, döyüş qabiliyyətini və gücünü gördük. Cənab Ali Baş Komandan "Biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın" fikrini dəfələrlə vurğulayıb. Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları işğaldan qısa bir müddətdə azad edəcəyik".