Ağstafada 6 yaşlı uşağın atası tərəfindən öldürülməsinin səbəbi bəlli olub. Azyaşlının anası Jalə Musayevanın ANS PRESS-ə verdiyi məlumata görə, Şəmsəddin bacısı Sevgi ilə oynayarkən bacısı ilə dalaşıb. Atası isə uşağı bu əməlinə görə böyük bir odun parçası ilə döyməyə başlayıb: “Famil uşağı döyərkən onun əlindən alıb evə apardıq. Əsəbi soyumayan Famil onun dalınca gələrək başından vurdu. Uşağın başı stula dəydi və xəsarət aldı. Nə qədər köməklik göstərsək də onun həyatını xilas etmək mümkün olmadı. Famil hətta Şəmsəddin öləndən sonra da kəndir axtarırdı ki, uşağın meyitini çarpayıya bağlayıb yenə döysün. Ancaq biz ona imkan vermədik”.
Kənd sakinləri isə Famil Pərvanəyevin əvvəllər məhkum olunduğunu, həyat yoldaşının ondan boşanmaq istədiyini, lakin Familin qadını boşanacağı halda öldürəcəyi ilə təhdid etdiyini bildirdilər.
Övladını döyərək öldürən kişi mütəmadi olaraq həyat yoldaşını da döyürmüş.
Famil PərvanəyevŞəmsəddinin meyiti
Saat 10:17
Ağstafada baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub. Ağstafa Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Qırılı kəndində əslən Qazax rayonunun Şəhidlər Xiyabanı küçəsindəki evlərdən birində qeydiyyatda olan 1979-cu il təvəllüdlü Famil Pərvanəyev oğlu 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyevi ağacla döyməyə başlayıb. Familin oğluna ağacla vurduğu zərbələrdən biri onun başına dəyib və 6 yaşlı Şəmsəddin hadisə yerində dünyasını dəyişib. Həkimlər əraziyə gəldikdə uşaq dünyasını dəyişmiş olub. Hadisəni törədən şəxs artıq tutularaq istintaqa təhvil verilib.
"Şəmsəddin Familin ikinci həyat yoldaşından olan oğludur".
Qırılı kənd icra nümayəndəsi Elxan Qurbanovun ANS PRESS-ə bildirdiyinə görə, Famil Pərvanəyevin Qazax rayonunda ailəsi və övladları olub: “O daha sonra Qırılıya gələrək Şəmsəddinin anası ilə ailə qurub. Onların iki övladı vardı. Famil bir müddət ikinci həyat yoldaşını da Qazağa apardı və orada yaşadılar. Ancaq daha sonra Bakıya gedərək bir müddət də orada qaldılar. Yaxın günlərdə isə kəndə qayıtmışdılar. Mənim bildiyimə görə, hadisə ehtiyatsızlıqdan baş verib. Ancaq daha dəqiqini prokurorluq araşdırır”.
Ötən gün axşam saatlarında Ağstafada, Qırılı kəndində ata 6 yaşlı oğlunu döyərək öldürüb.
Fevral ayının 16-da bənzər hadisə Beyləqanda da baş verib. Rayonun Yuxarı Kəbirli kəndində yaşayan Zahid Məhərrəm oğlu İsgəndərov 6 yaşlı oğlu Ümid Zahid oğlu İsgəndərovla kənddən bir az aralıda yerləşən pay torpaqlarına gedib. Bir müddət sonra isə Z. İsgəndərov özündən yaşca kiçik qardaşına zəng vuraraq 6 yaşlı oğlunun boğazını kəsdiyini bildirib. Daha sonra isə mobil telefonunu söndürərək ərazidən qaçıb.
Məsələdən telefon vasitəsilə xəbər alan əmi və ailə üzvləri dərhal torpaq sahəsinə gedib. Onlar 6 yaşlı uşağın meyitini görüblər. Kənd sakinləri qətli törədən şəxsin psixoloji problemlərinin olmadığını, ancaq içki aludəçisi olduğunu bildirmişdilər.
Qətlə yetirilən uşaq kənd orta məktəbinin 1-ci sinif şagirdi olub.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 6 yaşlı övladının boğazını kəsərək onu qətlə yetirməkdə şübhəli bilinən ata yaxalanıb.