Somalidə həyatını itirən Azərbaycan vətəndaşı Kəmalə İsmayılovanın meyitinin bu gün Azərbaycana gətirilməsi planlaşdırılır. Bu barədə məlumatı ANS PRESS-ə onun həyat yoldaşı Əflatun İsmayılovun bibisinin nəvəsi verib.
"Onlar Türkiyə səfirliyinin yaxınlığında, mühafizə olunan ərazidə kirayə qalırdılar. Hadisə Kəmalə uşaqları tədbirə apararkən baş verib. Baş verənlər barədə məlumat alan yoldaşı şoka düşüb. Amma aldığımız məlumata görə, olun vəziyyəti hazırda yaxşıdır. Uşaqların vəziyyəti o qədər də ağır deyil. Yəqin ki, bir müddət sonra Kəmalə İsmayılovanın həyat yoldaşı da uşaqları ilə birlikdə Azərbaycana qayıdacaq".
Saat 10:16
Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində ölən azərbaycanlı qadın olub. ANS PRESS-in məlumatına görə, həmin qadın Göyçayın Ləkçılpaq kənd sakini Kəmalə İsmayılova olub.
Mərhumun yaxını Zöhrab İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, 34 yaşlı K.İsmayılova Mingəçevirdə müəllimlər institunu bitirib. Həyat yoldaşı Əflatun İsmayılov isə Türkiyədə təhsil alıb. "Onlar evlənəndən sonra Əflatun Türkiyədə turizm sektorunda çalışıb. Türkiyə-Rusiya münasibətləri korlandıqdan sonra isə turizm sahəsində işləri yaxşı getməyib. Buna görə də ailə Somaliyə köçüb. Əflatun İsmayılov orada Türk Hava Yollarında çalışıb. Qadın isə müəllimə işləyirdi".
Onun sözlərinə görə, qadının yanında onun uşaqları - Nihad və Nicat İsmayılovlar da olub. Uşaqlar terror aktı zamanı xəsarət aldıqları üçün xəstəxanaya yerləşdiriliblər.
Somalinin paytaxtı Moqadişo şəhərində ötən gün Türkiyə səfirliyinin yaxınlığında məktəb mikroavtobusu atəşə tutulub. Kiçik tutumlu avtobusun gülləbaran edilməsi nəticəsində altı nəfər həlak olub. Daha dörd nəfər yaralanıb. Ölənlərdən ikisi Türkiyə, biri Azərbaycan, üçü isə Somali vətəndaşları olub.
Güman edilir ki, hücumun arxasında "Aş-Şabab" radikal qruplaşması durur.
Analoji hadisə Somalinin paytaxtında bu il yanvar ayında da baş verib. Paytaxtda yerləşən restoranda güclü partlayış qeydə alınıb. Partlayış nəticəsində 20-dən çox insan həyatını itirib.