Azərbaycanda keçirilən buraxılış imtahanlarında iştirak edənlər arasında oxuyub yazmağı bilməyənlər də var. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, bu hal 9-cu və 11-ci siniflərin şagirdləri arasında aşkarlanıb. Onların ümumi sayı 100 nəfərdir.
"Belələri 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfərdir. Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmaması nəzərə alınsa, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar".
11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Sabirabad rayonunda 6 nəfər, Lənkəran rayonunda 4 nəfər, Hacıqabul rayonunda 3 nəfər, Tovuz rayonunda 2 nəfər, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, İmişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsində 1 nəfər. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Astara rayonunda 12 nəfər, Sabirabad rayonunda 9 nəfər, Lerik rayonunda 8 nəfər, Gədəbəy, Tovuz, Cəlilabad və Masallı rayonlarının hərəsində 4 nəfər, Qazax, Goranboy və Bərdə rayonlarının hərəsində 3 nəfər, Daşkəsən, Şəmkir, Ağstafa, Ağcabədi, Ağdaş, Yardımlı və Hacıqabul rayonlarının hərəsində 2 nəfər, Qax, Kəlbəcər, Qəbələ, Ordubad, Xızı,Ağdam, Xaçmaz və Cəbrayıl rayonlarının hərəsində 1 nəfər.
Azərbaycanda abituriyentlərin orta attestat qiymətləri hesablanaraq onların qəbul imtahanlarında topladıqları ballarla müqayisəsi aparılıb. Attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan balları müqayisə edilib: "Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97.02%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0–200 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 48.46%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.
Qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir. Qiymət meyarlarının məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) “əla”, digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumtəhsil müəssisələrində qiymətləndirmənin vahid standartlar əsasında aparılması işinə kömək məqsədilə məktəb proqramlarına uyğun olaraq şagirdlərin biliyinin yoxlanılması və qiymətləndirilməsi üçün fənlər üzrə test kitabları nəşr edib. Kitablar Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilib. Onlarda qiymətləndirmənin 5 və 9 ballıq sistemdə standartları da təqdim olunub ki, hər bir məktəb bunun əsasında öz şagirdlərinin biliyini vahid qiymətləndirmə sistemi ilə ölçmək imkanı əldə etsin.