Azərbaycanda "Tiktok"a giriş məhdudlaşdırıldı - YENİLƏNİB
Azərbaycanda "TikTok" sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb:
"19 sentyabr tarixindən Azərbaycan ərazisində "TikTok" sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır".
Qeyd edək ki, bu gün Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
--------
14:38
Azərbaycanda "Tiktok"un fəaliyyəti məhdudlaşdırılıb.
Ölkə ərazisindən "Tiktok"a hazırda giriş mümkün deyil.
Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Ordumuzun arsenalında mövcud olan yüksək dəqiqliyə malik silahların istifadəsi ilə yalnız qondarma rejimin qanunsuz silahlı birləşmələrinə məxsus hərbi hədəflər sıradan çıxarılır.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.