Saatlıda bir qrup şəxs yolu bağlamağa cəhd etdi: Saxlanılan var
Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir.
Lunar.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.
O, polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib: “Bir daha vurğulayıram ki, polis odlu silahdan istifadə etməyib”.
***
16.07
Bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolunu bağlamağa cəhd ediblər.
Lunar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Əraziyə gələn rayon polis şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar.
Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdiriblər.
Onlar saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər.