Putini əvəz edəcək adamın ADI MƏLUMDUR - Bu şəxs əsas siyasi fiqura çevrilir
Baş nazirlə parlament fraksiyaları arasında gözlənilən danışıqlar siyasi dairələrdə prezident Putinin mümkün varisi ilə bağlı müzakirələrə yeni stimul verib.
Rusiyanın baş naziri Mixail Mişustin parlamentin bütün fraksiyaları ilə görüşlər keçirəcəyi xəbəri bu ölkənin siyasi kuluarlarında "bomba effekti" yaradıb. Çünki son vaxtlara qədər bu cür görüş yalnız prezidentin imtiyazı sayılırdı.
Lunar.az Musavat.com-a istinadən xəbər verir ki, Mişustinin sabah "Vahid Rusiya" fraksiyası ilə görüşü planlaşdırılıb, daha sonra isə baş nazir Liberal Demokrat Partiyasından olan deputatlarla danışıqlar aparacaq. Hökumət başçısının Jirinovskinin varisləri ilə kommunistlərdən əvvəl görüşməsi faktı da diqqət çəkib. Bu fakt Jirinovskidən sonra zəifləmiş partiyanın nüfuzunu saxlamaq cəhdi kimi qiymətləndirilir.
Bildirilir ki, fraksiya liderləri ilə görüşlər Nazirlər Kabinetinin rəhbərinin səlahiyyətlərinin ənənəvi sırf texniki baş nazirlik çərçivəsindən kənara çıxdığını göstərir.
Hökumət evində işlədiyi üç il ərzində Mişustin özünü yüksək peşəkar olduğunu sübut etdi. Onun baş nazirliyi əvvəl COVID-19-la bağlı ağır dövrə düşdü, sonra isə Rusiya iqtisadiyyatı üçün daha ağır sınaq dövrü-sanksiyalar başladı. Üstəlik, Ukrayna müharibəsində sənayenin qismən "hərbi rejimə keçirilməsi" zərurəti yarandı. Müharibə edən ordunun bütün təminatı üçün Koordinasiya Komitəsinə də Mişustin rəhbərlik edir.
Ənənəvi olaraq, baş nazir yenidən təyinatı və ya illik hesabatları ərəfəsində fraksiyalarla danışıqlar aparır. Belə ki, müxalifət deputatları adətən, xüsusilə qeyri-populyar nazirləri tənqid etmək imkanı əldə edirlər. Bu dəfə nə kadr qərarları var, nə də baş nazirin hesabatı. Ekspertlərə görə, parlament fraksiyaları ilə görüş nəinki prezidentin baş nazirə etimadının artdığını, həm də Mişustinin siyasi kommunikasiyalar sahəsində rolunun genişlənməsinə hesablanıb.
Bundan əlavə, qubernatorların və regional qanunvericilik məclislərinin payız seçkilərinə az qalıb və partiyaların hökumətin dəstəyi ilə həll etmək istədikləri maliyyə problemləri də var. Ola bilsin ki, hökumətdə çoxdan gözlənilən kadr dəyişiklikləri ilə bağlı deputatların çoxsaylı sualları olsun. Bir sözlə, Mişustinin bağlı qapılar arxasında fraksiyalarla söhbətlər üçün kifayət qədər mövzu var.
Baş nazirlə parlament fraksiyaları arasında gözlənilən danışıqlar siyasi dairələrdə prezident Putinin mümkün varisi ilə bağlı müzakirələrə yeni stimul verib. Belə ki, baş nazirin funksiyalarının genişləndirilməsi həm də Mişustinin bu cür namizədlərin virtual siyahısında şəxsi reytinqinin artmasının əlaməti kimi qəbul edilib. Amma Mişustinin nüfuzunun həqiqətən də güclənməsi artıq danılmaz faktdır.