17:15 / Türkiyə və Azərbaycan prezidentləri ay sonunda yenə görüşəcək
“Önümüzdəki günlərdə də hörmətli Əliyev ilə görüşləri davam etdirəcəyik. Bu ay sonunda Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində bir araya gələcəyik”.
R.T.Ərdoğan Azərbaycan Prezidentinin İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinə də dəvət olunduğunu vurğulayıb. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
17:05 / Ərdoğan Azərbaycana gələcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcək. Bu barədə Türkiyənin dövlət başçısı İlham Əliyevlə birlikdə Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
Konfrans aprelin 25-27-də baş tutacaq.
Prezidentlərin mətbuat konfransından öncə iki ölkə arasında 6 sənəd imzalanıb.
16:07 / "Biz bu gün türk xalqının yanındayıq"
"Biz bu gün türk xalqının yanındayıq. Birliyimiz əbədidir. Yaxşı günlərdə də, ağır günlərdə də daima bir-birimizin yanındayıq." ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.
İlham Əliyev Türkiyədə "Biz əminik ki, Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, türk xalqını sarsıda, Türkiyəni haqq yolundan döndərə bilməz. 25 ildir ki, Türkiyə və Azərbaycan birlik, dayanıqlıq göstərir. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında ən yaxın olan dövlətlərdir. Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu gün sənədlərin imzalanması, danışıqlar bir daha bunu sübut edir. Türkiyənin dünyadakı rolu, mövqeyi möhkəmlənir. Türkiyə nə qədər güclü olsa, biz də bir o qədər güclü olacağıq. Türkiyə hər zaman Dağlıq Qarabağ probleminin ədalətli həllinin tərəfdarı olub. Bu dəstək bu gün də göstərilir. Türkiyənin bizə göstərdiyi dəstək çox önəmlidir".
İ.Əliyev deyib ki, Azərbaycan və Türkiyə arasında olan əlaqələr bütün sahələri əhatə edir. Onun sözlərinə görə, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur. "Biz bu birliyi qoruyuruq, qoruyacağıq. Türk xalqına səadət, əmin əmanlıq, yeni qələbələr arzu edirəm".
15:48 / Ərdoğan və İlham Əliyevin mətbuat konfransı
"Biz əslində bu toplantını Bakıda keçirəcəkdik. Amma terrorla əlaqədar bu olmadı. Sağ olsun, qardaşım İlham Əliyev, dedi, biz gələk, bu toplantını Ankarada edək". ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın dövlət başçısı ilə birlikdə mətbuat konfransı keçirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O vurğulayıb ki, Azərbaycan milləti qara gün dostu olduğunu bu səfərlə bir daha göstərdi. "Bir daha təşəkkür edirəm. Burada verilən mesajın əslində hər kəs tərəfindən diqqətlə oxunmasını arzu edirəm.
Ankarada baş verən hadisə terror təşkilatının alçaq üzünü bir daha göstərdi. Hədəfi millətin arasına qorxu salmaqdır. Amma bunu əsla bacara bilməyəcəklər. Terroru maşa olaraq istifadə edənlər Türkiyəni əsla diz çökdürə bilməyəcəklər. Tam əksinə, özləri diz çökəcəklər".
Ərdoğan başda İ. Əliyev olmaqla bütün azərbaycanlı qardaşlara təşəkkür edib. Onun sözlərinə görə, Türkiyə başda Qarabağ məsələsi olmaqla azərbaycanlı qardaşlarının yanında olub və olmaqda davam edəcək.
Türkiyənin dövlət başçısı deyib ki, müstəqilliyini qazandığı 25 ildə Azərbaycanın ortaya qoyduğu uğura görə türkiyəli qardaşları olaraq daima alqışlayıblar. Onun sözlərinə görə, Türkiyənin Azərbaycan ilə birlikdə həyata keçirilən ən böyük layihəsi TANAP-dır. “Bu layihə üzərində işlər sürətlə davam edir. Hətta layihəni nəzərdə tutulan vaxtdan öncə bitirməyə çalışırıq. Bakı-Tiflis-Qars dəmiryolu layihəsi də öncəlik verilən layihələrdəndir. Londondan Pekinə qədər dəmiryolu nəqliyyatını təmin edəcək bu layihəni İnşaaAllah dekabr ayında birlikdə açacağıq”.