“Naxçıvan Muxtar Respublikasının bütün xəstəxanaları Türkiyədə zərər çəkən bacı-qardaşlarımızı qəbul etməyə hazırdır”.
Bunu Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri Vüqar Babayev APA-nın yerli bürosuna verdiyi açıqlamada bildirib.
“Məsələ ilə bağlı əsas olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanası və Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi tam olaraq hazır vəziyyətdədir”, - o qeyd edib.
Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan isə bildiriblər ki, məsələ ilə bağlı məlumatları var.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.
Ötən gün Azərbaycan Respublikası səhiyyə naziri Teymur Musayev türkiyəli həmkarı Fahrettin Koca ilə telefon danışığı zamanı ümumilikdə tibb müəssisələrində 2000 çarpayının ayrıldığını diqqətə çatdırıb.