Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ərəfəsində Ankarada ikinci dəfə terror törədilməsi bu səfərə mane olmaq istəyən müəyyən mərkəzin olmasından xəbər verir.
"Rusiya - Türkiyə münasibətlərinin yaxşılaşması istiqamətində ilk işartılar görünməkdədir".
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə müsahibəsində Ərdoğanın Bakı səfərinin Rusiya - Türkiyə münasibətlərinin yumşalması baxımından yararlı ola biləcəyini bildirib: “Rusiya - Türkiyə münasibətlərinin yaxşılaşması istiqamətində ilk işartılar görünməkdədir. Bu məsələdə əsas rol Qazaxıstana məxsus olsa da, rəsmi Bakı da dəfələrlə iki ölkə arasında münasibətlərin istiləşməsinə tərəfdar olduğunu bəyan edib. Ərdoğanın Bakı səfərində bu istiqamətdə əhəmiyyətli irəliləmə ola bilər”.
Politoloqun fikrincə, Rusiyanın müttəfiqi olan əksər türk dövlətləri Moskva ilə Ankaranın münasibətlərinin yaxşılaşmasına çalışır: “Qırğızıstan da, lap elə federasiya subyekti olan Tatarıstan da Moskvanın Türkiyə ilə münasibtələrinin yaxşılaşmasına çalışır. Görünür, hansısa üçüncü qüvvə var və bu iki dövlət arasında münasibətlərin yaxşılamasını istəmir”.
Ankara Kızılayda patlayış
Martın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlməlidir və Ankarada martın 13-də baş vermiş terror hadisəsi bu səfəri qeyri-müəyyən tarixə təxirə sala bilər. İlkin məlumatlara görə, hadisə nəticəsində 34 nəfər həlak olub və 125 nəfər yaralanıb. Amma belə görünür ki, Ərdoğanın Azərbaycana nəzərdə tutulan rəsmi səfəri təxirə salınmayacaq. ANS PRESS-in Türkiyə bürosunun Ankara kulvarlarında əldə etdiyi məlumata görə, ölkə başçısının səfəri nəzərdə tutulan tarixdə gərçəkləşdiriləcək.
Bundan əvvəl fevralın 17-də baş vermiş terror aktı Rəcəb Tayyib Ərdoğanın Bakı səfərini təxirə salmışdı. Türkiyə Baş Qərargahının əməkdaşlarını daşıyan avtobus terrorçuların hədəfinə çevrilmişdi. Hadisə nəticəsində 28 adam həlak olmuşdu və 68 adam yaralanmışdı. Həlak olanlardan 20-si hərbi qulluqçular idi. Həmin terorara görə məsuliyyəti PKK-ya bağlı olan kürd terror təşkilatı boynuna götürmüşdü. Türkiyə mətbuatı martın 13-də baş vermiş terror hücumunda da PKK izlərinin göründüyünü vurğulayır. Beləliklə, Türkiyənin terrorun kökünü kəsmək üçün Suriyaya girərək PKK-nın ən böyük təchizatçısı PYD-ni tərk silah etməkdən başqa yolu qalmır.
Frans Klintseviç - Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr muavini
"İstənilən tələskən addım beynəlxalq ictimaiyyətin Suriyada sülh naminə atdığı bütün səylərin üzərindən xətt çəkəcək".
Məhz hadisənin bu cür inkişafı Moskvada çaşqınlıq yaradıb. İlk bəyanat Rusiya prezidenti Vladimir Putindən gəldi. Putin çoxsaylı qurbanlara görə Türkiyə xalqına baş sağlığı verdi. Rusiya Federasiya Şurası isə terroru törədənlər barədə açıqlama yaydı. Şuranın müdafiə və təhlükəsizlik komitəsinin sədr muavini Frans Klintseviç bildirib ki, Ankaranın mərkəzində terroru təşkil edənlər Türkiyəni Suriyaya hərbi müdaxiləyə məcbur edirlər: "Ümid edirəm ki, cavab adekvat olacaq. İstənilən tələskən addım beynəlxalq ictimaiyyətin Suriyada sülh naminə atdığı bütün səylərin üzərindən xətt çəkəcək. Qorxuram ki. hər şeyi yenidən başlamaq mümkün olmasın".
Türkiyə Respublikası isə istər Kardak böhranında, istərsə də Şimali Kiprdə dəfələrlə adekvat addımlar atmağı bacardığını sübut edib. Yəqin ki, Ankara bu dəfə də münaqişənin bütün nüanslarını nəzərə alaraq üzərinə hücum etmiş şər dalğasını bələyində boğmağı bacaracaq. Hər halda, terrorun kökü kəsilməsə, Türkiyənin nə qərbində, nə də şərqində sakitlik olmayacaq.