Fransız politoloq: “Beynəlxalq ictimaiyyət İranı terror aktına izahat verməyə məcbur etməlidir”
"Beynəlxalq ictimaiyyət İranı Azərbaycanın səfirliyində törədilən terror aktına izahat verməyə və diplomatik missiyanın lazımi şəkildə mühafizəsinin təminatına məcbur etməlidir".
Lunar.Az bildirir ki, bunu "Report"a açıqlamasında fransız tarixçi və politoloq Maksim Quen deyib.
"İranın molla rejiminin güclü repressiv sistemi var. İndiyə qədər ən güclü sübut girişdə qeydə alınan video görüntülərdir. Belə ki, İran polisi "Kalaşnikov" avtomatı olan bir adamın səfirliyə daxil olduğunu görən zaman çox sakit davranıb", - o vurğulayıb.
Ekspert həmçinin xatırladıb ki, hücum Osvensim şəhərinin azad edilməsinin ildönümündə, həmçinin Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması kontekstində baş verib və İrandakı molla rejimi bunları qəbul edə bilmir: "Azərbaycan və İsrail İranın yeganə hədəfi deyil. Son 10 ildə İran rejiminin sifarişi ilə Avropa İttifaqı ölkələrində uğursuz terror aktlarına cəhd edilib".
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.