Zelenski Donbasda yeni hücumlar üçün Rusiya qoşunlarının qruplaşdığına diqqət çəkib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının Kiyev və Çerniqovdan çıxarılması ilə bağlı iddialara toxunub.
“Biz həmçinin Donbasda yeni hücumlar üçün Rusiya qoşunlarının qruplaşdığını görürük”.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının Kiyev və Çerniqovdan çıxarılması ilə bağlı iddialara toxunarkən deyib.
Zelenski videomüraciətində Ukrayna xalqının Rusiyaya qarşı “vətənpərvərlik müharibəsi” apardığını və ölkə ərazisində və Qara dəniz regionunda ədalət təmin olunana qədər əlindən gələni edəcəyini bildirib.
Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya qoşunlarının Kiyev və Çerniqovdan geri çəkildiyinə dair iddialara toxunan Zelenski deyib:
“Biz bilirik ki, bu geri çəkilmə deyil, əsgərlərimizin əməyinin nəticəsidir. Lakin biz Donbasda yeni hücumlar üçün Rusiya qoşunlarının qruplaşdığını da görürük”.
Zelenski son 24 saatın diplomatiya baxımından fəal bir gün olduğunu, xüsusən də ABŞ prezidenti Co Bayden ilə ətraflı görüş keçirdiklərini bildirib.
Telefon danışığında Zelenski ABŞ-a yeni 1 milyard dollarlıq humanitar yardım və əlavə 500 milyon dollarlıq birbaşa büdcə dəstəyinə görə təşəkkür etdiyini bildirib.
“Prezident Baydenə dedim ki, Ukraynaya nə lazımdır. Biz hazırda dönüş nöqtəsindəyik. ABŞ-ın dəstəyi bizim üçün prinsipial olaraq çox vacibdir”.
Zelenski Ukraynanın xaricdəki səfirliklərinin diplomatik fəaliyyətlərini artırmalarının vacibliyini də vurğulayıb:
“Ukraynanın öz gələcəyini qazanması üçün səfərbər olanlar var. Biz onların hər birini ayrı-ayrılıqda qiymətləndiririk. Amma çox təəssüf ki, sırf vəzifədə qalmaq üçün kabinetdə oturanlar da var”.
Ukraynanın Mərakeşdəki səfirinin geri çağırılması ilə bağlı fərman imzaladığını xatırladan Zelenski Gürcüstandakı səfirin də daha əvvəl ölkəyə çağırıldığını bildirib.
Zelenski qeyd edib ki, ölkəsi də Latın Amerikası, YOrta Şərq, Cənub-Şərqi Asiya və Afrikadakı səfirliklərindən konkret nəticələr gözləyir.