“Hipp” yeməklərini ölkəyə gətirən sabiq deputatın firması məhkəməyə verildi
Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi sabiq deputat, biznesmen Aslan Cəfərova məxsus uşaq qidaları idxal edən “Diplomat-I” Firmasını məhkəməyə verib.
Lunar.az “kriminalqafqaz”a istinadən xəbər verir ki, firma 44 min manata yaxın vergi borcundan yayınmaqda ittiham olunur.
İşə Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baxılır. Cavabdeh qismində “Diplomat-I” firması və İsgəndər Qasımov tanınıb.
Xatırladaq ki, Aslan Cəfərov müxtəlif illərdə İqtisadi İnkişaf Nazirliyində və İstehsal Bazarına Nəzarət Dövlət Xidmətində işləyib. 2008-2010-cu illərdə “Diplomat-I” firmasının kommersiya direktoru olan Cəfərov 77 saylı Astara seçki dairəsindən Milli Məclisin IV çağırış deputatı seçilib.
Qeyd edək ki, hazırda firmanın qanuni təmsilçisi sabiq deputatın atası Məmmədhüseyn Cəfərovdur. Firmanın ən məşhur brendi “Hipp” qidalarıdır.