Reperin anasının üzərinə ağac aşdı, ayağını kəsdilər - Video
Reper PRoMetenin anasının başına iş gəlib.
Lunar.az xəbər verir ki, noyabrın 10-da əsən güclü külək nəticəsində Yasamal rayonunda yerləşən binaların birinin həyətində yerləşən ağac qırılaraq onun anasının üzərinə düşüb. Hadisə sonrası qadının ayağı amputasiya edilib. Repçi şəxsi İnstaqram hesabında video paylaşraq, hadisəni ictimailəşdirmək istəyib:
"Külək başlamamış Yasamal rayonu, Mirəli Seyidov küçəsində yaşayan anam zibil atmaq üçün həyətə düşüb. Geri qayıdarkən görüb ki, "besetka"da qonşu qadınlar oturub. Yaxınlaşıb onlarla söhbət etməyə başlayıb. Bir neçə dəqiqədən sonra güclü külək əsməyə başlayıb və anam qonşularla birgə qərar veriblər ki, evlərinə qayıtsınlar. Olduqları yerdən çıxarkən yekə quru bir ağac anamın üstünə aşıb və çox ciddi bir zədə alıb. O qədər ciddi bir zədədir ki, Dövlət Təhlükəsizlik Xidmətinin klinikasında anamın ayağını amputasiya etdilər.
Hadisə olduqdan bir neçə saat sonra hansısa qurum, gəlib ağacın qalıqlarını kökündən kəsib aparıblar. Hadisənin üzərindən haradasa 10 gündən çox müddət keçib. Anam şükür olsun ki, yaxşıdır. Ev şəraitində, həkim nəzarətindədir. Bu qədər vaxt keçməsinə baxmayaraq, hər hansı bir hüquq mühafizə orqanı, hadisədə məsuliyyətli olan bir qrum bizimlə əlaqə saxlayıb, anamın səhhəti ilə maraqlanmayıblar. Mən anlayıram ki, onlar fikirləşirlər mümkün qədər səssiz durduqca, hadisənin üstündən bir müddət keçəcək və izlər sovuşacaq. Hər hansı atılmış addım və ya olunmuş zəng mənim anamın ayağını geri qaytarmayacaq. Amma eyni zamanda anlamaq və bilmək lazımdır ki, anamın ayağının itirməsinə səbəb olan ağac barəsində həmin ərazidə, Yasamal rayon sakinləri aidiyyatı qurumalara dəfələrlə məlumat bildiriblər. Heç bir addım atılmayıb.
Həmin gün anamla o ərazidə daha 3 nəfər olub ki, onlardan biri 2 yaşlı uşaqdır. Xoşbəxtlikdən digər 2 şəxsə heç nə olmayıb. Amma anamın ayağı kəsilib. Mən təxmin edirəm ki, hansı qurumun səhlənkarlığı ucbatından bu hadisə baş verib. Əminəm ki, prokurorluq bu barədə dəqiq qərar verəcək. Hazırda Yasamal rayon prokurorluğuna və Baş prokurorluğa hadisə ilə bağlı şikayət etmişəm. Əminəm ki, səhlənkarlıqları ucbatından ayağını itirmiş anamın taleyi başqa sakinlərin qisməti olmayacaq".