Rusiyanın Dağıstan bölgəsinin mətbuatı Azərbaycanın şimal rayonlarının sakinlərinin ərzaq almaq üçün kütləvi şəkildə Dərbənd bazarına üz tutmasından yazır.
ANS PRESS-in məlumatına görə, xəbərin müəllifi olan “Lezgi-Yar” portalı bildirir ki, azərbaycanlılar əsasən kolbasa-sosiska məhsulları, yağ, makaron, düyü, kartof və s. alırlar. Nəşrin yazdığına görə, hətta Bakıdan və Sumqayıtdan olan sakinləri Dərbəndə qiymətlərin Azərbaycana baxanda 2-3 dəfə ucuz olması cəlb edir.
“Şəmkir əhalisinin, bəlkə də, 15-20 faizi bütün bazarlığını Gürcüstandan edir".
ANS PRESS-in şimal bürosunun araşdırmasına görə, bölgə sakinlərinin bazarlıq üçün Dərbəndə üz tutması Novruz bayramı ilə əlaqədardır. Bu amil ötən illərdə də müşahidə olunsa da 2015-ci ildə baş vermiş iki devalvasiyadan sonra bu il dəfələrlə güclənib. Həm də Dərbəndə üz tutanların arasında alverçilər daha çox üstünlük təşkil edir. Gətirilən yüklərə 10 kiloqramlıq limit qoyulduğundan bəzi alverçilər gündə 3 dəfəyə qədər reys edir.
Qərb rayonlarından ANS PRESS-ə verilən məlumata görə, Gəncə-Qazax bölgəsinin sakinləri isə həftəsonu alış-verişi üçün Gürcüstana üz tuturlar. “Şəmkir əhalisinin bəlkə də 15-20 faizi bütün bazarlığını Gürcüstandan edir. Əsasən araq və limonad, kolbasa-sosiska məhsulları, konfet, kartof və s. gətirirlər. Bir ara ət də gətirirdilər, sonra gömrük 5 kiloqramdan artıq gətirməyə icazə vermədi. Qiymətlərdə 2-3 dəfə fərq var”,- deyə Şəmkirdə yaşayan Rufan adlı gənc ANS PRESS-ə bildirib.
Gurcustanda azərbaycanlılar
Beynəlxalq praktikada sərhədyanı ticarət normal qəbul edilsə də bu məsələnin Azərbaycan üçün əlverişsiz tərəfləri çoxdur. Birincisi, gətirilən ərzağın təhlükəsizliyinə zəmanət verilmir. Hər halda, bu qədər ucuz olan məhsulun keyfiyyəti ilə bağlı problemlər istisna edilmir. Təsadüfi deyil ki, Rusiya istehlakçılar birliyi “Roskontrol”un həmsədri Aleksandr Borisov bu gün “RİA Novosti” saytına bildirib ki, ölkəsində istehsal edilən kolbasa məhsullarının 75 faizi standartlara uyğun gəlmir. Onun sözlərinə görə, məhsullarda mal və donuz əti yerinə soya və zülal əlavəsi, toyuq dərisi və sellüloza istifadə edilir. Yəni Azərbaycan sakinləri qiymətlərin ucuzluğuna aldanaraq keyfiyyətsiz qida qəbul etməyə məcbur olurlar.
"Tələbin az olması üzündən dünya “iqtisadi fəlakət”in astanasındadır".
Məsələnin Azərbaycan üçün arzuolunmaz ikinci tərəfi isə vətəndaşların bir qisminin ölkənin ticarət şəbəkəsindən uzaq durmasıdır. Adətən bu cür uzaqdurmalar məhsullara tələbi azaldır. Klassik iqtisadi nəzəriyyəyə görə, bu, böhrana doğru aparır. Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Devid Lipton da “Financial Times”a verdiyi müsahibəsində bildirib ki, tələbin az olması üzündən dünya “iqtisadi fəlakət”in astanasındadır.
Onun fikrincə, hökumətlər hərəkətə keçərək tələbi stimullaşdıran addımlar atmalıdırlar. Əks halda, dünya iqtisadiyyatı yeni təhlükələr - xammal və maliyyə bazarlarının qeyri-sabitliyi ilə üz-üzə qalacaq. “İqtisadi fəallığı dəstəkləməyin və dünya iqtisadiyyatını daha möhkəm bünövrə üzərinə oturtmağın vaxtı çatıb”,- deyə BVF-nin icraçı direktoru vurğulayıb.
Dərbənd bazarı
Marketoloq Sabit Məmmədov ANS PRESS-ə müsahibəsində Azərbaycanın ticarət sektorunu bu cür tələb əksikliyindən xilas etməyi mümkün sayır: “Qərb və şimal-qərb bölgələrindən Gürcüstana məhz qiymətlərin ucuz olmasına görə gedirlər. Orada həm də valyuta dəyişməyə ehtiyac yoxdur, hər şeyi manatla alırlar. Eyni firmanın yağının kiloqramı bizdə 5 manata olduğu halda, orada 3,5 manatadır. Qiymətlər bizdə təxminən 35 faiz artıqdır”.
"Gürcüstana qiymətlərin ucuz olmasına görə gedirlər. Orada valyuta dəyişməyə ehtiyac yoxdur, hər şeyi manatla alırlar".
Sabit Məmmədovun sözlərinə görə, Azərbaycanda qiymətlərin yüksək olması dolayı xərclərlə bağlıdır: “Məhsul sərhədi keçərkən qeyri-rəsmi xərclər çox çıxır. Bizdə həm də mülkiyyət sahibləri ticarət obyektlərindən çox yüksək icarə pulları tələb edirlər. Bu da öz növbəsində məhsulun qiymətini artırır. Dövlət məhsulların qiymətini azaltmaq üçün ilk öncə bu cür dolayı amilləri aradan qaldırmalıdır”.
Təbii ki, hökumət ilkin olaraq bu cür problemlərin həlli ilə məşğul olmalıdır. Perspektivdə isə ölkədə qeyri-neft istehsalı genişləndirilməlidir və idxalı əvəz edən istehsal sahələri yaradılmalıdır. Bu məsələdə ilk addımı hesabında yetərincə vəsait olan, amma devalvasiyadan sonra həmin pulları idxala yönəltməyə risk etməyən supermarket şəbəkələri edə bilərlər. Onlar ölkə ərazisində fermerlərlə və bələdiyyələrlə müqavilə bağlayaraq tədarük və qablaşdırma şəbəkəsi yarada bilərlər.
Bu, Azərbaycan kəndlilərinin bir çox məhsullarının ticarət şəbəkəsinə birbaşa gətirilməsinə imkan yarada bilər. İndiki halda isə həmin məhsulları alverçilər gətirir və arada iki dəfə əl dəyişən məhsulların qiyməti 4 dəfəyə qədər qalxır. Nəticədə, fermerlər məhsul istehsalında maraqlı olmurlar. Supermarketlərin birbaşa fermerlərlə işlədiyi Qərb ölkələrində isə qiymət fərqi 30%-dən çox deyil. Yəni belə olarsa, litri 1 manata satılan südün 70 qəpiyi kəndliyə çatar, indiki halda isə kəndli həmin məbləğin 25-30 qəpiyini ala bilir.