Ölkə silkələnir – Minlərlə kəşfiyyatçı işdən qovula bilər
Kəşfiyyat orqanlarında xidmət edən minlərlə ABŞ kəşfiyyatçısı koronavirus peyvəndindən imtina etdikləri üçün işdən çıxarılmaqla hədələnir.
Teleqraf.com xəbər verir ki, ABŞ Konqresinin üzvləri hökumətin koronavirusa qarşı peyvənd edilməsinin zəruriliyi ilə bağlı qərarına tabe olmaqdan imtina etdikləri üçün minlərlə kəşfiyyatçının işdən çıxarılacağı narahatlığını gündəmə gətiriblər.
Yayımlanan hesabatda Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Kris Stüart Amerikanın bir çox kəşfiyyat orqanlarında kadrların ən azı 20 faizinin koronavirusa qarşı peyvənd edilmədiyinə əmin olduğunu söyləyib.
Hesabatda oktyabrın sonuna qədər ümumi sayı 18 olan bəzi kəşfiyyat orqanlarında bu nisbətin 40 faizə çatdığı qeyd edilib.
Stüart əlavə edib ki, bu təxminlər Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi tərəfindən təqdim edilən məlumatlara əsaslanır və məxfilik səbəbindən ictimaiyyətə açıqlanmır.
Bu, Co Bayden administrasiyası tərəfindən federal işçilər üçün peyvəndlənmənin tamamlanması üçün təyin etdiyi 22 noyabr tarixi fonunda baş verir. Bu durumun bu sahədə ixtisaslaşmış kəşfiyyatçıların dəyişdirilməsində çətinliklərin yaranmasına səbəb olacağı ehtimal olunur.
Milli Kəşfiyyat Xidmətinin direktoru Avril Hayns keçən həftə keçirilən dinləmələrdə bunu ciddiyə almadığını bildirib. Hayns kəşfiyyat orqanlarında peyvəndlənmə nisbətini açıqlamaqdan imtina edərək, əməkdaşlarının ümumi sayının təxminən 100 000 nəfər olduğunu deyib.