Payız aylarında hansı məhsullar bahalaşacaq? - AÇIQLAMA
Son zamanlar bazarda bir çox məhsulların bahalaşdığını müşahidə edirik. Bəs payız aylarında yenidən bahalaşma olacaqmı? Qiymət artımı hansı məhsullarda gözlənilir?
Məsələ ilə bağlı BiG.AZ-a Rəşad Həsənov açıqlama verib.
O bildirib ki, bahalaşma daha çox ərzaqlarda, xüsusi ilə kənd təsərrüfatı məhsullarında olacaq:
"Bu, mövsümi xarakter daşıyır. Yay aylarında həmin məhsulların qiymətlərində ucuzlaşma baş verir. Bunu hər bir vətəndaş öz müşahidələrində görür. Mövsüm başa çatdıqdan sonra isə məhsullarda bahalaşma başlayır. Xüsusi ilə də müəyyən tələbin artdıqı dövrlərdə - dekabr ayının sonu və yanvar ayında, eləcə də martda bu, özünü daha qabarıq şəkildə büruzə verir. Həmin dövrdə bayramla əlaqəli tələblər artır.
Bununla yanaşı, dünya bazarında da ərzaq məhsullarının qiymətində müəyyən "çalxalanma"lar müşahidə olunur. Buna səbəb pandemiya dönəmində istehsal zəncirində müəyyən fasilələrin yaranması və nəticədə istehsalçı indeksinin əhəmiyyətli səviyyədə artmasıdır. Azərbaycan bazarı isə idxaldan asılı olduğu üçün bu istiqamətdə fluktuasiyalara davamlı deyil. Kənardan inflyasiyanın idxal edilmə riski çox böyükdür. Bunu daxili bazarlarda dəstəkləyən digər faktorlar da var".