Pensiya yaşının aşağı salınması gözlənilirmi? - AÇIQLAMA
Son dönəmlər Milli Məclisdə pandemiya ilə əlaqədar olaraq pensiya yaşlarının azaldılması haqqında müzakirələr aparılır. Bir sıra deputatlar, pensiya yaşlarının yüksək olduğunu qeyd edərək, yaş kateqoriyasının azaldılması barəsində öz təkliflərini bildiriblər. Bəs pensiya yaşları azaldılsa, müavinətlər artırıla bilərmi?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, bu, lazımlı bir təklifdir və zərurət halında bunun həyata keçirilməsi mütləqdir:
"Ümumiyyətlə, dünyada beynəlxalq praktikada pensiya yaşı nəyə görə hesablanılır? Bu hesablamalar əsasən insanların fizioloji və bioloji iş qabiliyyətləri nəzərə alınaraq edilir. İnsanlar yaşa dolduqca, fizioloji olaraq yorğunluq başlayır və bədən hüceyrələrinin bərpa olunması getdikcə çətinləşir. Düşünürəm ki, bu, çox düzgün addımdır.
Bilirsiniz ki, hansısa qərar qəbul ediləndə bunun bir əsası olmalıdır. Bu əsas da, zənnimcə, düşünülüb. Belə ki, 57-60 yaş sovet dönəmində də pensiya yaşı olaraq hesablanılırdı. Əgər biz həmin yaş kateqoriyasına qayıdırıqsa və belə təkliflər verililirsə, bu, çox gözəl addımdır. Pandemiya dönəminə gəldikdə isə, Azərbaycan yeganə dövlətdir ki, koronavirus bütün dünyada tüğyan edib, qlobal siyasi və iqtisadi xəritələri dəyişərkən, bir çox dünya brendləri müflisləşərkən, biz, digər ölkələrdən fərqli olaraq, nə Beynəlxalq Valyuta Fondu (IMF), nə də bir başqa qurumlardan borc almadıq. Azərbaycan yardım almadan pandemiyayla mübarizə aparan yeganə dövlətlərdən biridir. Düşünürəm ki, pensiya yaşının azaldılması Azərbaycanda iqtisadi baxımdan problem yaratmaz. Bu təkliflər verilərkən, bunun ödəmə mənbələri haqqında da danışılır.
Bilirsiniz ki, Azərbaycanda təqribən 1 milyon 240 mindən çox təqaüdçü mövcuddur. Bu baxımdan ödənişlərin, yəni əmək pensiyalarının, sosial müavinətlərin artırılması ilə bağlı hər hansı bir problemin yaşanılacağını düşünmürəm. Zənnimcə, bu, lazımlı bir təklifdir və zərurət halında həyata keçirilməsi lazımdır.
Təbii ki, burada inflyasiya faktoru da nəzərə alınır. Pandemiya dövründə qiymətlərin bahalaşması, həmçinin, öz təsirini göstərdi.
Araşdırmalarıma görə, Azərbaycanda insanların 55-60%-i dövlət sektorunda çalışır. Bu da gələcəkdə müavinətlərə öz təsirini göstərəcək. İnflyasiya faktorunu gözdən qaçırmaq lazım deyil. İnflyasiya varsa, bu sahədə artım da mütləqdir".