Milli parkda ceyran güllələnib? - AÇIQLAMA + VİDEO
Sosial şəbəkədə Şirvan Milli Parkında ceyranın yaralanması barədə məlumat yayılıb və geniş müzakirəyə səbəb olub.
İddia edilib ki, ceyran güllə yarası alıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, ötən gün Şirvan Milli Parkında yaralı ceyranın olması faktı təsdiqini tapıb:
"Daha sonra Şirvan Milli Parkının əməkdaşları tərəfindən yaralı ceyran tutularaq baytar tərəfindən müayinə edilib. Müayinə zamanı məlum olub ki, ceyrandakı xəsarət güllə yarası deyil".
Xidmət rəsmisi onu da qeyd edib ki, vəhşi təbiətdə heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları olur və bu vəhşi təbiətdə baş verən normal hadisədir:
"Ekosistemdə yırtıcı-şikar münasibətləri təbii sistemin tarazlığını təmin edir. Heyvanın yarası ağır olduğu üçün səhər saatlarında tələf olub".