Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də Azərbaycanda yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.
Təhsil Nazirliyindən
Lunar.az-a verilən məlumata görə, tələbələrin çoxsaylı müraciətlərini nəzərə alaraq qeydiyyat prosesinin vaxtı avqustun 22-dək uzadılıb.
Nazirlikdən bildirilib ki, iyulun 17-dən transfer.edu.az portalından 600 nəfər tələbə orta ixtisas, 3070 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün elektron portaldan qeydiyyatdan keçib.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.