Həm diş əti xəstəliyi, həm də şəkərli diabeti olanlarda bu risklər daha yüksəkdir
Dünya əhalisinin 35 yaşdan yuxarı 80%-i müxtəlif növ diş əti xəstəliklərindən və təxminən 7%-i şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Parodont xəstəlikləri və şəkərli diabet, yaşlandıqca daha çox yayılan xroniki xəstəliklərdəndir və ikisi arasında qarşılıqlı və güclü əks təsir əlaqəsi mövcuddur.
Lunar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin parodont xəstəlikləri və şəkərli diabetin vacib məqamlarını təhlil edən Perio&Diabet beynəlxalq layihəsinin Azərbaycan dilində tərtibi haqda yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, parodontitli insanlarda şəkərli diabet riskinin daha yüksək olduğu, diabetli xəstələrdə isə parodont xəstəliyinin inkişafı 3 dəfə daha çox olduğu müşahidə edilir. Üstəlik, bir xəstədə parodontit də olduqda diabetə nəzarət daha mürəkkəbdir və həm şəkərli diabet, həm də parodontiti olan insanların ürək-damar xəstəliyi, xroniki böyrək xəstəliyi və retinopatiya da daxil olmaqla bəzi ağır tibbi ağırlaşmalara məruz qalma riski daha yüksəkdir.
Perio&Diabet layihəsi Avropa Parodontologiya Federasiyası (EFP) və Beynəlxalq Diabet Federasiyasnın (IDF) birgə təşkilatçılığı ilə keçirilən Perio-Diabetes Qurultayında parodont xəstəlikləri və şəkərli diabet arasındakı əhəmiyyətli əlaqənin varlığının və bu iki xroniki xəstəliyə qarşı birgə hansı şəkildə mübarizə aparılması haqqında ətraflı məlumatlılığın təşviq olunmasından ibarətdir.
Perio & Diabet lahiyəsinin mühüm nəticələri aşağıdakılardan ibarətdir:
• Şəkərli diabet və parodontit yayılması yaşla artan qeyri-yoluxucu xroniki xəstəliklərdir.
• Parodontitin erkən diaqnostika və müalicəsi prediabet riskini azaldır.
• Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlarda, xəstəlik haqqında bütün tibbi məlumatlar stomatoloq ilə paylaşılmalıdır.
• İnsanlar öz çəkilərinə nəzarət etməlidirlər.
• Sağlam qidalanmalı və tütün məmulatlarından istifadə etməməlidirlər.
• Hər bir insan öz şəkərli diabetinə nəzarət etməlidir.
• Gündəlik stress azaldılmalı və aktiv həyat tərzi keçirilməlidir.
• Diş əti xəstəliklərinin qarşısını almaq üçün ildə 2 dəfə stomatoloqa müraciət olunmalıdır.
• Dişlər gündə 2 dəfə fırçalanmalıdır, diş arası fırçalardan və diş saplarından istifadə olunmalıdır.
Parodont xəstəlikləri və şəkərli diabetin səbəblərini, risk və təsir amillərini, profilaktikasını və bu iki patologiyanın arasındakı əlaqənin vacib məqamlarını təhlil edən maarifləndirmə broşurları, poster və video animasiyadan ibarət olan bu layihə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosentləri Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli və vitse-prezidenti Rəhim Qarayev, rezidenti Rüstəm Ağazadə, Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya kafedrasının assistenti, Cəmiyyətin lahiyələr koordinatoru Hənifə Musayeva və Rövşən Məmmədov tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq, stomatoloqlar, tibb mütəxəssisləri və ictimaiyyət üçün tərtib edilib.