Qalxanabənzər vəzi, boyunun ön hissəsində nəfəs borumuzun önündə yerləşən, təxminən 20-30 qram ağırlığında, endokrin sistemimizin ən önəmli vəzilərindən biridir.Bu vəzinin az işləməsi hipotireoidizm (el arasında "tənbəl zob" kimi tanınır), çox işləməsi isə toksik ur və ya hipertireoidizm ("zəhərli zob") adlanır.
Lunar.az saglamolun.az-a istinadən bildirir ki, hipotireoidizm xəstəliyi yorğunluq, halsızlıq, saç tökülməsi, artıq çəki, soyuğa davamsızlıq, qəbizlik və bədənin müxtəlif nahiyələrində şişkinliklərin (xüsusilə qadınlarada) olması ilə özünü göstərir. Bu əlamətləri olan xəstələr ilk növbədə TSH və T4 sərbəst analizləri verməli və mütləq ultrasəs müayinəsindən keçməlidir. Bu qrup xəstələr adətən əvəzedici dərman (hormon) müalicəsi ilə asanlıqla şəfa tapırlar.
Hipertireoidizm xəstəliyi (zəhərli zob) zamanı xəstələrdə güclü ürək döyüntüləri (taxikardiya), səbəbsiz çəki azalması, əsəbilik, tərləmə, göz almalarının önə doğru çıxması (göz bərəlməsi), istiyə davamsızlıq, ishal və s. kimi əlamətlər müşahidə oluna bilər. Bu xəstələrdə qalxanabənzər vəzi hormonları (sərbəst T3 və T4) olduqca yüksək olurlar.
Zəhərli zob diffuz və ya düyünlü ola bilər. Diffuz olan zəhərli zob Graves xəstəliyi də adlandırılır.
Zəhərli zob xəstəliyi hər yaşda, hər insanda müşahidə edilə bilər, amma daha çox orta yaşlı qadınlarda rast gəlinir.
Graves xəstəliyi autoimmun xəstəlikdir, yəni xəstənin öz immun sisteminin ortaya çıxardığı bir vəziyyətdir. Belə xəstələrdə sonsuzluq problemi də yarana bilir. Lakin xəstənin qalxanabənzər vəzi hormonlarının müalicə ilə normal balansı təmin olunduqda reproduktiv sistemin funksiyaları öz-özlüyündə bərpa oluna bilər.
Zəhərli zobların əsasən 3 növ müalicəsi mövcuddur:1) Dərman müalicəsi, əsasən qanda toksikliyi (zəhərliliyi) azaltmaq məqsədi ilə müvəqqəti olaraq istifadə olunur. Bəzi araşdırmalarda 15-20% xəstələrdə uzun müddətli effektli olduğu deyilir. Ümumiyyətlə zəhərli zobların dərmanla müalicəsi ABŞ-da və Avropa ölkələrində 2 ildən artıq istifadəsi qadağandır. Çunki, bu dərmanları uzun müddət istifadə etdikdə, qaraciyəri və sümük iliyini ciddi şəkildə sıradan çıxardır və bu orqanların son dərəcə ağır xəstəliklərinə səbəb olur.
Çox böyük təəssüf hissi ilə vurğulamalıyam ki, ölkəmizdə bəzi həkimlər hələ də zəhərli zobların müalicəsində bu dərmanlardan illərlə istifadə edərək insanları "sağaltmağa" çalışırlar.
2) Zəhərli zob zamanı cərrahi müalicə istifadə olunsa da, son zamanlar öz populyarlığını artıq itirməkdədir. Bu müalicə növünün ağırlaşmalarının və risklərinin çox olması (boğazda estetik qüsurun olması, xüsusilə gənc xanımlarda, səs sinirinin cərrahi əməliyyat zamanı zədələnməsi, paratireoid vəzilərin zədələnməsi və s.) səbəbi ilə artıq ABŞ-da və Avropa ölkələrində cərrahi əməliyyatlardan mümkün olduğunca imtina olunmuşdur. Yalnız, çox cuzi xəstə qruplarında cərrahi müalicədən istifadə olunur.
3) Radioaktiv yod-131 müalicəsi isə zəhərli zobların müalicəsində ən çox istifadə olunan müalicə metodudur. Artıq 60 ilə yaxındır ki, bu müalicə növü ABŞ-da çox böyük uğurla istifadə olunur. Radioaktiv yod müalicəsi qeyri-invaziv bir üsul olmaqla yanaşı həmçinin praktik (qəbulu asan olmaqla) və olduqca effektlidir.
Belə ki, zəhərli zobu olan və radioaktiv yod müalicəsi alan xəstələrdə ~97% sağalma müşahidə olunmuşdur.
Statistik məlumatlar göstərir ki, ABŞ-da zəhərli zobu olan xəstələrin ~90-95%-nə radioaktiv yod-131 müalicəsi təyin olunmuşdur.
Son illər ölkəmizdə gedən güclü inkişaf səhiyyə sahəsində də, özünün müsbət nəticələrini göstərmişdir. Artıq Respublikamızda 2011-ci ildən etibarən radioaktiv yod-131 müalicəsi ABŞ-da və Avropa ölkələrində olduğu kimi yüksək standartlara uyğun olaraq çox böyük uğurla tətbiq edilir. Xarici ölkələrdə nüvə təbabəti ixtisasına yiyələnmiş həkimlərimiz tərəfindən qalxanabənzər vəzin zəhərli formaları ilə yanaşı, digər xəstəliklərinin də, müasir diaqnostikası və müalicəsi aparılır.