Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Uşağınızın immunitetini belə yüksəldin - Pediatr tövsiyəsi
  • Facebook
  • Twitter
  • ► Sağlamlıq / Ailə / Ana və Körpə
  • Baxis 1 228
  • 28-03-2017, 14:00

Uşağınızın immunitetini belə yüksəldin - Pediatr tövsiyəsi

Uşağınızın immunitetini belə yüksəldin - Pediatr tövsiyəsi


Uşaqlarda immunitetin əsası ana bətnində qoyulur. İmmun sistemi çox mükəmməl formada qurulmuşdur. Onun çatışmazlığı olduqda orqanizmdə çox ciddi dəyişikliklər baş verir. Bunun nəticəsində uşaq tez-tez xəstələnir və təbii ki, antibiotiklərdən istifadə lazım olur.
İmmun sistemi qoruma funksiyasına malikdir. Belə ki, əvvəlcə ağız, burun, dəri vasitəsi ilə mikroorqanizmin daxil olmasını əngəlləyərkən, eyni zamanda daxil olmuş mikroorqanizmlərin xəstəlik törətməsini və irəliləməsinin qarşısını alır. İmmun sistemi dalaq, limfa vəziləri və digər immun orqanlarının bir yerdə çalışması nəticəsində ortaya gələn qarışıq mükəmməl bir sistemdir.
İmmun sistemi uşaqlıq dövründə möhkəm olmalıdır ki, uşaq yetişkinlik yaşlarda infeksion xəstəliklərin tez-tez verdiyi mənfi təsirlərdən uzaq olsun. Aşırı gigiyenik qaydalara riayət etmək uşağın müxtəlif mikroblarla görüşünün qarşısını alır və bununla da bu mikroblara qarşı immunitetin inkişafına mane olur. Uşaqlarınızın toplumda böyüməsinə, ətraf mühitlə əlaqədə olmasına icazə verin.

İmmun sistem ananın qarnında formalaşmağa başlayır. İlk aylarda zəif olur, lakin uşaq xəstələndikcə və immun hafizə əmələ gəldikcə uşaqları qoruyur. Ananın hamiləliyi, keçirdiyi stress, yediyi qidalar uşağın immunitetinin formalaşmasına təsir edir. Uşaq doğulduqdan sonra onun qidalanması, keçirdiyi infeksion xəstəliklər, fiziki vəziyyəti və sosial-ekonomik halı immun sisteminə təsir göstərən əsas faktorlardandır.
Eyni ailədə böyüyən əkiz uşaqlarda belə, immun sistemi müxtəlif ola bilər.
Uşaq 1 il ərzində 7-10 dəfə virus infeksiyası keçirə bilər. Bu, onun immunitetin aşağı olması demək deyil. Əksinə, bu zaman orqanizm daha da möhkəmlənəcəkdir. 2-5 yaşlar arasında olan uşaqların 80%-də keçirilmiş xəstəliklərin səbəbi virus infeksiyalardır. Bu infeksiyalar zamanı lazım olmadıqca təyin olunan antibiotiklər dəri, boğaz və bağırsaqdakı mikrofloranın pozulmasına və bilavasitə mikrob rezistentliyinə gətirib çıxarır.

Uşağın immunitetinin normal inkişafı üçün:

- Doğulduğu gündən etibarən lazım olan peyvəndlərini edin.
- Əllərini düzənli sürətdə yumasını təmin edin. Xüsusilə həyətdən, məktəbdən gələndə əllərin yuyulmasının vacibliyini başa salın. Meyvə-tərəvəzi, xüsusən göy-göyərtini təmiz yuyun.
- Uşağı rejimlə və bol vitaminli qidalarla qidalandırın. Protein, karbohidrat və yağlarla zəngin qidaları verməkdən başqa bol vitaminli meyvə və tərəvəzlərdən istifadə edin.
- Bol-bol maye içirdin.
- Yatmağı rejimlə idarə edin. Belə ki, uşaq orqanizmi üçün lazım olan bəzi maddələr, uşaq yuxuda ikən sintez olunur. Məsələn, melatonin adlı maddə buraya aiddir. Bu isə uşaq orqanizminin möhkəmlənməsində və boy atmasında böyük rol oynayır.
- Mövsümə uyğun geyindirin. Uşağı isti saxlamaq onu sağlam etmək demək deyil. Uşaq otağının havasını tez-tez dəyişin. Qışda, payızda həyətə düşməyə qorxmayın. Yağış yağdıqda belə həyətə düşmək və uşağı hər bir hava rejiminə uyğunlaşdırmaq lazımdır.
- Otağın temperaturuna və nəmliyinə mütləq diqqət edin. Belə ki, kondisioner, kombilərin istifadəsi nəticəsində havanın quruluğu artır. Quru hava isə burun kirpiciklərinin hərəkətini məhdudlaşdırır. Bunun nəticəsində orqanizmə daxil olan mikroorqanizmlərə yol açılır. Kirpiciklər daxil olan mikrobların qarşısını ala bilmir. Buna görə otaqda qabın içinə su qoyulmasını tövsiyə edirik.
- Məcbur olmadıqca insanlar çox olan məkanlara girməyin.
- Yaşına uyğun idmanla məşğul olmasına şərait yaradın, oturaq həyat tərzindən, telefon və kompüterdən uzaq tutun.
- Uşaqlara çimərkən soyuq duşla da yuyunmağı öyrədin. Belə ki, uşağa +20 və +35 dərəcə arasında dəyişən kontrast duş qəbul etməyi öyrədin.
- Xəstəlikdən qorxmayın. 2-8 yaşı uşaqların mikroblarla tanış olub tez-tez xəstələndikləri bir dönəmdir. Bu yaş dönəmində uşaqların qida rejiminə, yuxunun düzənli olmasına və bədən aktivliyinin yüksək olmasına fikir verilməlidir.

Qidalanma haqqında bir qədər daha geniş danışmaq istəyirəm.

Yenidoğulmuş dövründə ən qiymətli qida ana südüdür. Ana südünü mütləq verin! Ana südünün tərkibində immunitetin yüksəlməsi və uşağın ilk aylarda xəstəliklərdən qorunması üçün xüsusi maddələr var.
Bir şeyi də qeyd edim ki, yaxşı qidalanmamaq immuniteti zəiflədirsə, köklük də orqanizmin immunitetin yetərli olmamasına gətirib çıxara bilən bir haldır.
Uşaq qidası meyvə və tərəvəzlə bol olmalıdır. Belə ki, qışda kələm, gül kələmi, brokolli, cəfəri, kök, balqabaq, ispanaq, yaşıl bibər tövsiyə edirik. Bu qidalar müxtəlif vitaminlər (A, E, D, C) və minerallarla (maqnezium, kalium, selenium, zink və s.) zəngindirlər. Meyvələrdən isə portağal, limon və mandarin yeməyi məsləhət edirik. Belə ki, 1 portağal və 2 mandarin vitamin C-nin günlük miqdarını qarşılayır. Alma və kivini bura daxil etmək olar. Xüsusilə almanı zəncəfil ilə bişirib uşaqlara vermək çox xeyirlidir. Mayalı qidalardan qatıq, kefir, ayran tövsiyə edirik. Onlar probiotik və prebiotik ilə zəngindirlər. Allergiya qeyd edilmədiyi vaxtda isə uşağa bal, yumurta, inək südü və kalsiumla zəngin süd məhsullarından bolluca istifadə etməyi tövsiyə edirik.
Bu arada vitamin D-ni və günəş vannalarının qəbulunu unutmaq olmaz. Yenidoğulmuş uşaqlarda biz onu xüsusilə tövsiyə edirik.

Əziz xanımlar, uşaq üçün yeməkləri özünüz hazırlayın, konserv və hazır qidalardan uzaq olun.
Uşaqlar arasında dəmirdefisitli anemiya bəzən çox yayılır və bu da immunitetə təsir edir. Anemiyanın profilaktikası üçün dəmirlə zəngin qidaları (ət, bəhməz, kişmiş, yumurta və s.) bol-bol yemək tövsiyə olunur.
Son tədqiqatlar zink elementinin insan immunitetində böyük rolunu təsdiq edib. Zink elementinə noxud və ətdə rast gəlinir. Uşaqlarınızı rafinə olunmuş qidalardan mümkün qədər uzaq saxlayın.
Qidaları hazırlayarkən təbii yağlardan, məsələn, zeytun yağından istifadə edin.

Pediatr Gülnar Abdullayeva (saglamolun.az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ