Təbii olaraq insan hər zaman eyni əhval-ruhiyyədə ola bilməz. Mütəmadi olaraq əhval-ruhiyyə dəyişə bilər. İnsan bəzən narahat, bəzən gərgin, həyəcanlı, əsəbi, stressli ola bilər. Bu halda əhval-ruhiyyənizi yaxşılaşdıran idman hərəkətləri sizə kömək ola bilər. İdman edərək əhval-ruhiyyənizi yüksəldə bilərsiniz. Lunar.az sizi əhval-ruhiyyənizə uyğun edə biləcəyiniz bir neçə məşq növü ilə tanış edir.
Əsəbisinizsə - Kikboksinq
Əsəbinizi kalori yandıran kikboksa yönləndirin. Əsəbi olduqda bunun öhdəsindən gəlməyin ən yaxşı yolu kikboksla məşğul olmaqdır. Bütün əsəbi enerjinizi qum torbalarından çıxara bilərsiniz. Kikboks öyrənmək üçün isə xüsusi bir kursa da yazıla bilərsiniz.
Tələsirsinizsə - Ştanqqaldırma
Əgər kifayət qədər vaxtınız olmadığını görürsünüzsə, ştanq qaldırın. Bunun üçün bir az istilənmə hərəkətləri etdikdən sonra 3 dəqiqə ərzində ştanq qaldırın, 1 dəqiqə dincəlin və prosesi təkrarlayın. Beləcə, məhdud vaxtınızı dəyərləndirmiş olarsınız.
Başınız qarışıqdırsa - güc məşqi
Bir mövzu barədə qərar verməlisiniz. Bu halda müqavimət idmanı sizə yaxşı təsir edər. Araşdırmalar sübut edib ki, mütəmadi olaraq güc məşqləri etmək insanların zehni, diqqət cəmləmə gücünü yaxşılaşdırır.
Narahatsınızsa – Piyada yeriyin
Özünüzü gərgin və ya narahat hiss edirsinizsə piyada yeriyin. Əhval-ruhiyyəni yaxşılaşdıran idmanlar arasında ən sadə və rahatı piyada gəzməkdir. Bir neçə dəqiqə piyada gəzmək əsəbləri sakitləşdirir, özünüzü daha xoşbəxt hiss etməyi təmin edir. Xüsusilə də çöldə piyada yerimək sizə çox yaxşı təsir edəcək. Araşdırmalara görə, piyada gəzmək stressi azaldır, hətta immunitet sistemini də gücləndirir.
Yorğunsuznuzsa - Tai-Chi
Gün ərzində enerjiniz tükənibsə, günün sonunda yorucu məşq sizi daha çox taqətdən salar. Bunun əvəzinə sizi özünüzə gətirən Tai-Chi işinizə yarayar və enerjinizi artırar. Tai-Chi həm də yuxu keyfiyyətini yaxşılaşdırır, stressi azaldır, ümumi olaraq sağlamlığı yaxşılaşdırır.
Stresdəsinizsə - Velosiped
İstər evdə, istər çöldə olun velosipedə minib pedal çevirməyə başlamaq endorfin ifrazını artıraraq dəqiq və aydın düşünmənizi, beləliklə də stressin öhdəsindən gəlməyinizi təmin edə bilər. Bununla yanaşı, velosipedlə hündür yerə qalxmaq və ya velotrenajorda yüksək sürətlə pedal çevirmək özünüzə inamı artırar.
Bezmisinizsə - Qaçın
Saatlardır bir problemi həll etməyə çalışırsınız, lakin bir fikrə gələ bilmirsiniz? Bu zaman heç nə etməyin, sadəcə çıxın küçəyə və qaçın. Əgər probleminiz üçün doğru həll yolu tapa bilmirsinizsə, qaçış sizin çarənizdir. Bir çox insan qaçış əsnasında gözəl fikirlərə gəlir. Qaçış beyni rahatlandırır, çünki bütün bədən kompleks formada hərəkət edir.
Narahatsınızsa – Yoqa
Əhval-ruhiyyəni yaxşılaşdıran idmanlardan biri də əlbəttə ki, yoqadır. Narahatlıqlarınızın öhdəsindən yoqa ilə gələ bilərsiniz. Yoqa zehni sakitləşdirir. Bu idmanı edərkən bütün narahatlıqlarınız keçər. Əgər yoqa bacarmırsınızsa, kursa yazılın və ya on-line izləyərək öyrənin.
Motivasiyanız yoxdursa – Pilləkan qalxın
Pilləkan qalxmaq yalnız omba əzələlərini məşq etdirmir, eyni zamanda bütün bədənin kalorisini yandırır. Qalxdığınız pillələri sayın, sonra neçə mərtəbəyə uyğun olduğunu hesablayın. Çox az idman sizi bu qədər motivasiya edə bilər.