Diş çürüklərinin yaranmasında 3 əsas səbəb vardır. Həssas diş səthi, mikroorqanizmlər üçün əlverişli qida qalıqları, bunların parçalanmasına və turşu əmələ gəlməsinə yol açan mikroorqanizmlərin varlığı. Qidaların içərisində isə ən çox diş çürüməsinə səbəb olanlar karbohidratlar, yəni qısaca şəkərli qidalardır. Dişlər davamlı şəkildə fırçalanar və qulluğuna diqqət edilərsə, mikroblar onlara zərər verə bilməzlər. Diş çürüyü dişdə oyuqlar yaradaraq dişin quruluşunu pozan və öz-özünə irəliləyən bir xəstəlikdir. Dişlər yaxşı təmizlənmədikdə üzərində qida qalıqları və mikroblar toplanır. Ağız içərisindəki bakteriyalar qida qalıqlarındakı şəkərli maddədən istifadə edərək onu yapışqanlı bir hala gətirir və dişlərin üzərinə yapışmasını təmin edir. Bunlara diş ərpi deyilir. Bunlar bakteriyaların da dişlərin üzərinə yapışmasına kömək edir. Qidaların dadlandırılması üçün istifadə olunan şəkərli maddələrin tərkibində olan turşu dişlərə zərər vura bilər, ancaq bakteriyaların özləri də turşu əmələ gətirir. Beləcə, yaranan ərimə nahiyələrindən girən mikroblar asanlıqla altdakı toxumalara çata bilirlər. Turşular dişin qoruyucu təbəqəsi olan diş minası üzərində kiçik dəliklər yaradır. Bu dəliklər get-gedə genişlənir və kiçik oyuqlara çevrilir. Diş minasının əriməsindən sonra çürük sürətlə irəliləyir və altdakı təbəqədə geniş bir oyuq yaranır. Diş çürüyü dişin özəyinə doğru irəlilədikcə dişlər ağrımağa başlayır. Çürük daha da irəlilədikdə dişin özəyində və çənə sümüyünün içərisində irin yaranmağa və toplanmağa başlayır. Buna diş absesi deyilir. Əgər diş vaxtında müalicə edilməzsə, çürük diş üçün daha çətin və bahalı müalicələrə ehtiyac ola bilər. Diş ərpi diş ətlərinin vacib xəstəlik səbəblərindən biridir. Yeməklərdən sonra dişlərin fırçalanması və diş ipindən istifadə edilərək qida qalıqlarının çıxarılması dişlərin çürüməsinin, damaq xəstəliklərinin yaranmasının və irəliləməsinin qarşısını alır. Dişlərin ağrımaması heç də həmişə sağlam olduqlarını bildirmir. Diş ağrısının olması üçün diş çürüyünün çox irəliləməsi vacibdir. Diş çürüklərinin hələ müalicə oluna biləcək vaxtda müəyyənləşdirilməsi üçün ağrı yaranmasını gözləmədən ildə ən az iki dəfə diş həkiminə gedərək dişlərin müayinə etdirilməsi lazımdır. Diş həkimləri lazım gəldikdə müxtəlif üsullarla gözlə görünməyən diş oyuqlarını da müəyyənləşdirə bilərlər. Diş çürüklərinin vaxtında müəyyən olunması dişlərin itirilməsinin qarşısını ala bilər və ya ən azı gecikdirər. Bu, həm sağlamlıq baxımından, həm də sosial və maddi baxımdan fayda verər. Taxma dişlərdən istifadə etmə ehtiyacını azaldar. Heç nə öz təbii dişlərinizin yerini tuta bilməz. Qalıcı dişlərin tez tökülməsi qidalanma problemlərinə də səbəb olur. Təbii dişlərin uzun müddət qalmasında ağız və dişlərə qulluğun əhəmiyyəti böyükdür. Diş sağlamlığı baxımından su ilə qəbul etdiyiniz flüor da vacibdir. Suda flüorun az olduğu yerlərdə diş çürüklərinin sayı daha da çox olur.