Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Şəhərdən kənarda yaşamaq xeyirlidir? –NƏTİCƏYƏ İNANMAYACAQSIZ

Şəhərdən kənarda yaşamaq xeyirlidir? –NƏTİCƏYƏ İNANMAYACAQSIZ

Biz adətən şəhərləri yaşamaq üçün ən az sağlam olan yerlər kimi görürük. Bəs araşdırmalar nə deyir?

BBC dağ başından paytaxtlara qədər yaşadığımız mühitin sağlamlığımıza təsirini təhlil edib. Həmin təhlili təqdim edirik:

- İstər çirklənmə, istərsə də stressdən narahatçılıq keçirirsinizsə, yaşadığınız şəhər və ya qəsəbədən kəndə köçməklə əhvalınız və sağlamlığınızı yaxşılaşdıra biləcəyinizi düşünmək ağlabatandır.

Lakin yaşamaq üçün sağlam mühiti müəyyənləşdirməyə kömək edən dəlil əsaslı araşdırmalar bizi təəccübləndirə bilər. Alimlər rifah ilə mühit arasındakı əlaqəni araşdırmağa başladıqdan sonra, müəyyən mühitin verdiyi yaxşı və pis təsirlərin özündə də nüanslar aşkarlayırlar.

"Dünyanın hər tərəfindən araşdırmaçılar qrupu olaraq biz bu şeyləri candərdi irəli çəkmək istəmirik, əksinə təbii mühitlərin - və bizim onlardan günbəgün artan uzaqlığımızın - sağlamlıq və rifaha müsbət və mənfi tərəflərini tapmağa çalışırıq," Exeter Tibb Məktəbi Universitetindən mühit üzrə psixoloq Mathew White deyir.

White və başqa təqdiqatçılar ətrafın bizə təsirini müəyyənləşdirən çoxlu faktor ortaya çıxarıblar. Buraya insanın keçmişi və həyat şərtləri, təsirin keyfiyyət və müddəti və bu əsnada görülən fəaliyyətlər daxil ola bilər.

Ümumi götürsək, dəlillər göstərir ki, yaşıllıqlar urban ərazilərdə yaşayan insanlar üçün faydalıdır. Park və ya meşəliklərə yaxın yaşayanlar hava çirklənməsindən daha az əziyyət çəkirlər və planetimiz getdikcə daha istiləşdiyini nəzərə alsaq, yaşıllığa yaxın yaşayan insanlar sərin əraziyə daha yaxındırlar.

Araşdırmalar göstərir ki, yaşıllıqlar şəhər sakinləri üçün faydalıdır

Təbii ərazilər özündə çoxsaylı faydaları cəmləyən fiziki və sosial fəaliyyətlər üçün əlverişlidir.

Təbiət qoynunda keçirilən vaxt ilə aşağı fiziki stress göstəriciləri arasında əlaqə var. Gəzişərkən və ya ağac altında oturarkən ürək döyüntüsü və qan təzyiqi adətən aşağı düşür. Eləcə də biz, limfositlər adlı "qatil hüceyrələr" ifraz edirik. Bu hüceyrələr orqanizm boyu dolaşaraq xərçəngli və viruslu hüceyrələri ovlayır.

Araşdırmaçılar hələ də bunun səbəbini müəyyənləşdirməyə çalışırlar və təbii ki, bir neçə fərziyyələr mövcuddur.

"Bir əsas nəzəriyyə odur ki, təbiət gərgin şəhər həyatının arxa fonu kimi daha sakit mühit bəxş edir," Michigan Dövlət Universitetinin sağlamlıq üzrə coğrafiyaşünası Amber Pearson deyir.

"Təkamül perspektivindən yanaşsaq, təbii şeylərin sağ qalmaq üçün əsas mənbə olduğunu görərik və buna görə də onlara üstünlük veririk."

Fəqət bu heç də şəhər sakinlərinin kəndlərə köç etməsi ehtiyacına dəlalət etmir.

Şəhərlilər astma, allergiya və depressiyadan daha çox əziyyət çəkirlər. Bununla belə, şəhər sakinləri arasında obezlik, intihar riski və qəzada ölmək şansları daha aşağıdır. Şəhərlərin yaşlı sakinləri daha xoşbəxt həyat sürürlər və ümumiyyətlə daha uzun ömür yaşayırlar.

Şəhər sakinləri kəndli həmkarlarından daha uzun ömür yaşayırlar və yaşlı şəhərlilər daha xoşbəxt olurlar

Şəhərləri çirklənmə, cinayət və stresslə daha çox əlaqələndirsək də, ucqar ərazilərdə yaşamaq heç də ucuz başa gəlməyə bilər. Məsələn, Mainedə yerləşən rahat bir dağ evində sağlamlıq faktoruna hədə kimi xəstəlik daşıyan həşəratlar və araknidlər misal çəkmək olar.

Başqa hallarda ucqar çirklənmə daha böyük təhlükə yarada bilər. Hindistanda 2015-ci ildə hava çirklənməsi zamanı 1.1 milyon insan həyatını itirmişdi və qurbanların 75 faizi kənd yerlərində yaşayan sakinlər idi. Bunun əsas səbəbi kənd sakinlərinin yanan əkinçilik sahələri, meşələr və ya inək peyini (yemək bişirmək üçün yanacaq və istilik üçün istifadə olunur) vasitəsilə çirklənən havanı udmasıdır.

İndoneziyanın doğranan və yandırılmaya bənzər üsulla təmizlənən meşəlikləri aylarla davam edən zəhərli çənə oxşar qat yaradır və bəzən bu, Sinqapur, Malayziya və Taylan daxil olmaqla qonşu ölkələrə də təsir göstərir.

Cənubi Amerika və Afrikanın cənubunda yandırılan ocaqlarda ayrılan tüstü çirklənməsi bütün cənub yarımkürəsinə yayılır. (Yeri gəlmişkən, cənub yarımkürəsində hava şimaldakından daha təmizdir - sadəcə olaraq orada daha az insan yaşadığına görə.)

Əkinçilik təmizlənməsi kimi vərdişlər ucbatından yaranan çirklənməyə görə şəhər sakinlərinə nisbətən, daha çox kənd sakinləri həyatını itirir

Bu, yalnız inkişaf etməkdə olan ölkələr üçün keçərli deyil: qərbi ABŞ-da meşə yanğınları havanın keyfiyyətini pisləşdirir; Avropa, Rusiya, Çin və ABŞ-da əkin sahələrində istifadə olunan gübrə də havanı bir o qədər çirkləndirir.

Bəs təmiz dağ havası ideyası necə? Doğrudur ki, qara karbon aerozolları və çirklənmənin sözügedən forması hündür ərazilərdə daha aşağı olur. Lakin çirklənmiş hava səviyyəsindən yuxarıda yaşamaq başqa problemlərə yol aça bilər.

2500 metr və daha yuxarı hündürlükdə yaşayan insanlar arasında ölümlə nəticələnən ürək-damar xəstəlikləri, iflic və bəzi xərçəng növləri olmasa da, məlumatlar göstərir ki, onlar xroniki pulmoner xəstəliklər və aşağı tənəffüs yolu infeksiyalarına daha çox yoluxurlar.

Bunun bir səbəbi, hündür ərazilərdə avtomobil və maşınların daha az effektli işləməsi və böyük miqdarda karbohidrogenlər və karbon monoksid buraxmasıdır. Belə yerlərdə günəş radiasiyası çox olduğu üçün ayrılan ziyanlı maddələr daha da artır. Buna görə də 1500 və 2500 metr arası hündürlükdə yaşamaq ən sağlam seçim ola bilər.

Hündür ərazidə yaşamaq heç də həmişə ən sağlam seçim demək deyil

Digər tərəfdən isə dəniz və ya ən azından su hövzəsinə yaxın bir ərazidə yaşamaq barəsində güclü arqument mövcuddur. Birləşmiş Krallıqda misal üçün, okeana yaxın ərazilərdə yaşayan sakinlər ölkənin daxilinə yaşayanlara nisbətən daha sağlamdırlar.

Burada bir sıra səbəbləri sadalamaq olar, White deyir, eyni zamanda təkamül baxımından su hövzələrinin bioloji müxtəlifliyi faktı da daxildir və sahillər adətən gündəlik məşğələ və vitamin D imkanları yaradır.

Bir də psixoloji faydaları var. 2016-cı ildə Pearson və həmkarlarının Yeni Zelandiyanın Wellington şəhərində apardıqları bir araşdırmada müəyyənləşib ki, okeanı görən insanlarda psixoloji çətinlikləri daha aşağıdır.

Sosial-iqtisadi statusundan asılı olmayaraq, insanların görə bildiyi mavi ərazi 10% artdıqca Kessler Psixoloji Çətinlik Miqyası (panik atak və əhval pozuqluğunu təxmin etmək üçün istifadə olunur) üçdə bir qədər azalıb.

Bu nəticəyə əsasən, "Mavi ərazini görmək dərəcəsi 20-dən 30 faizə qalxarsa, orta stress səviyyəsindən aşağı səviyyəyə enə bilər," Pearson deyir.

Pearson oxşar nəticəni ABŞ-ın Böyük Gölləri ətrafında aparılan araşdırmada da qeydə alıb. White da Honkonq sakinləri arasında apardığı araşdırmada eyni nəticəni əldə edib.

Tədqiqatçılar, gündəlik həyatında daha çox mavi ərazi görən insanların daha az stress və narahatçılıq yaşadığını aşkarlayıblar

Fəqət heç də hər kəs sahildə yaşa bilməz. Bu səbəbdən, Estoniya Həyat Elmləri Universitetinin landşaft arxitekturası kafedrasının müdiri və Edinburgh Universitetində OPENspace Mərkəzinin köməkçi direktoru Simon Bell və həmkarları Avropa boyunca nəzarətsiz qalan su hövzələrini bərpa edərək fərq yaratmağa can atırlar.

Onlar bərpadan həm əvvəl, həm də sonra sakinlərdən müsahibə götürürlər. Layihəyə Estoniyanın Tallin şəhəri kənarında yerləşən qapalı çimərlik və Tartu şəhərində yerləşən

Sovet tərzli binaların yaxınlığındakı sənaye kanalı və İspaniya, Portuqaliya, İsveç və Birləşmiş Krallıqda yerləşən bəzi ərazilər daxildir.

Komandanın 200 su hövzəsinin yenidən bərpası daxil olan ikinci analizi su hövzəsinin yaranması vasitəsilə iqlim, hava, çirklənmə səviyyəsi, qoxular, mövsümlülük, təhlükəsizlik və mühafizə, münasiblik və sair faktorları nəzərdən keçirmək imkanı yaradacaq.

Bell deyir ki, əsas məqsəd "böyük mavi ərazini yaradan şeyləri" tapmaqdır. Nəticələr əldə edildikdən sonra o, həmkarları ilə birgə şəhər kanalları, genişlənmiş göllər, köhnə tərsanələr, çaylar və nəzarətsiz qalan mavi ərazilərin effektiv bərpasını istəyənlər üçün keyfiyyət qiymətləndirmə aləti yaratmaq niyyətindədir.

Sahilə bir dəfə baş çəkməyin faydası fərqli faktorlardan asılı ola bilər

Ancaq söhbət rifahdan gedirsə, tədqiqatçılar hələ də göllər ilə okeanları və ya çaylar ilə dənizləri necə fərqləndirməyi bilmirlər. Nə də ki, çimərliklərin fərqini tapmayıblar. Məsələn, necə olur ki, İslandiyadakı çimərliklərlə Floridadakı çimərliklər oxşardır.

Amma onlar bilirlər ki, hava və suyun keyfiyyəti, əhalinin sıxlığı, temperatur və hətta yüksək qabarma və çəkilmələr kimi mürəkkəb faktorlar adi sahil gəzintisi zamanı belə, bizə necə təsir göstərir.

"Hava və gün işığından başqa, deyək ki, Havay və ya Finlandiyada başqa cür təsir göstərə bilən milyonlarla başqa mühüm səbəblər ola bilər," White deyir.

Sağlamlıq mənasında isə məlumatlar göstərir ki, əksinə, daimi yox, fasilələrlə günəş işığı düşən yerlərdə - məsələn, ABŞ-da Vermont və Minnesota, Danimarka və Fransa - yaşayan insanların dəri xərçənginə tutulma riski yüksəkdir. Bəlkə də bu, onların gündəlik rutinlərinə günəş kremləri daxil olmadığına görədir.

Bəzi yaşıl və mavi ərazilər digərlərindən daha faydalı olduğu kimi, tədqiqatçılar, ətraf-mühitin rifaha təsirini bərabər bölünmədiyi qənaətinə gəlirlər.

White-a görə, aşağı sosial-iqtisadi şəraitdə yaşayan insanlar təbiətin xeyrini varlı sakinlərdən daha çox görürlər. Yəqin ki, bu, zənginlərin sağlamlığı yaxşılaşdıran başqa üstünlüklərdən faydalanmalarından irəli gəlir. Məsələn, tətilə getmək, ümumi olaraq daha az stressli həyat tərzi sürmək.

"Birləşmiş Krallıqda yerli hakimiyyətin sağlamlıq bərabərsizliyini azaltmaq kimi hüquqi öhdəliyi var. Bunu həyata keçirməyin bir yolu da park sistemini inkişaf etdirməkdir," White söyləyir.

"Belə halda, kasıblar daha çox faydalanacaq."

Sidney kimi təmiz və okean kənarında yerləşən şəhərlər əla seçimdir

Bir şeyi vurğulamaq lazımdır ki, problemlərimizin həlli təmiz sahil və ya meşədən asılı deyil. Sağlamlığımıza daha çox təsir edən həyatın başqa şərtləridir: işə girmək və ya çıxmaq, ailə qurmaq və ya boşanmaq.

White-ın söylədiyi kimi, hansı mühitdə yaşamağınızda asılı olmayaraq, "parkda evsiz yaşamaqdansa, ev sahibi olmaq daha vacibdir."

Yaşamaq üçün yer seçərkən təbiətə daha yaxın məsafə seçimi adətən təhlükəsizlik, sakitlik və məktəblər və işimiz kimi mühüm faktorlardan sonra gəlir, deyə Bell əlavə edir.

Bununla belə, bir şeydən əminik: Sidney və Wellington kimi təmiz və okean sahilində yerləşən şəhərlərin sakinləri sağlamlıq mənasında cekpot udublar./Lent.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ