50 manat verib əlaqəyə girdi, trans olduğunu bildikdə isə... - Bakıdakı QƏTLİN ŞOK TƏFƏRRÜATI
Bakının Xətai rayonunda qətl törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Kənan Abdurəhmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az-ın xəbərinə görə, Kənan Abdurəhamnov iyulun 14-də, gecə saat 01.30-da Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında dayanan cinsi azlığa mənsub 1992-ci il təvəllüdlü Boran Məmmədovun yüngül həyat tərzi keçirən qadın olduğunu zənn edib. O, 50 manat pul müqabilində onu cinsi əlaqədə olmağa razı salıb.
Cinsi əlaqədə olmağa gətirdiyi “qadın” kişi çıxdı
Daha sonra Kənan Abdurəhmanov olduğu “Ford Fiesta” markalı taksi avtomobili ilə Boran Məmmədovu saat 02 radələrində kirayədə tək yaşadığı Xətai rayonu, Sarayevo küçəsində yerləşən mənzilinə gətirib. Söhbət zamanı saat 03 radələrində Boran Məmmədov ona qadın olmadığını, cinsi azlığa mənsub homoseksual olduğunu bildirib.
Bundan sonra Kənan Abdurəhmanov Boran Məmmədovla cinsi əlaqədə olmaqdan imtina edib və onun getməsi üçün 36 manat pul verib.
100 manat tələbi və qətl
Lakin Boran Məmmədov bununla razılaşmayıb və 100 manat pul tələb etməsi nəticəsində aralarında mübahisə yaranıb. Mübahisə zamanı Kənan Abdurəhmanov Boran Məmmədovu itələyərək yerə yıxıb və mənzilin dəhlizindən götürdüyü bıçaqla ona xəsarətlər yetirib. Boran Məmmədov aldığı xəsarətlər nəticəsində ölüb.
İstintaq orqanı tərəfindən Kənan Abdurəhmanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Azyaşlı övladım var”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan Abdurəhmanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 2000-ci ildə Bakı şəhərinə gələrək əsasən qapı-pəncərə hazırlanması işi ilə məşğul olub: “2013-cü ildə ailə qurmuşam, bu nigahdan iki azyaşlı övladım var. Hadisədən təxminən bir il əvvəl yoldaşımdan ayrı yaşamağa başlamışam. Elə həmin vaxtdan Sarayevo küçəsində kirayədə yaşayıram”.
“Əylənmək fikrinə düşdüm”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2020-ci ilin aprel ayından etibarən tez-tez spirtli içki qəbul etməyə başlayıb: “İyunun 18-də, saat 21 radələrində iş yoldaşım Ruslan ilə birlikdə işdən çıxdım, kafelərin birində pivə içdim. Sonradan iş yoldaşım ilə birlikdə onun yaşadığı mənzilə getdik, yemək yeyib, pivə içməyə davam etdik. Sonra sərxoş vəziyyətə düşdük. Kefim yaxşı olduğundan əylənmək fikrinə düşdüm”.
“Cinsi əlaqədə olmaq üçün 50 manat istədi”
Kənan Abdurəhmanovun sözlərinə görə, artıq saat 12-i keçdiyindən iyulun 19-u, saat 01 radələrində Ruslan onun üçün taksi sifariş verib: “Ruslanın evindən çıxaraq sifarişlə gələn taksiyə oturdum və sürücüyə “Neftçilər” metrostansiyasının yanına sürməyi tapşırdım. Orada dayanan fahişəliklə məşğul olan qadın taparaq özüm ilə kirayə yaşadığım mənzilə aparıb, cinsi ehtirasımı təmin etmək qərarına gəldim. “Neftçilər” metrostansiyasının yaxınlığında, Bakıxanov qəsəbəsinə gedən yolun üstünə çatdıqda, artıq saat 02 radələri olub. Orada maşından düşdüm və görünüşündən qadın olduğunu zənn etdiyim Boran Məmmədova yaxınlaşdım. Həmin vaxt sonuncunun qadın olduğunu güman etdim. Boran məndən mənzilə gedərək cinsi əlaqədə olmaq üçün 50 manat istədi. Razılaşdım, gəldiyim taksi ilə birlikdə kirayə yaşadığım mənzilə getdik”.
“Dedim ki, soyun görək, nə bacarırsan”
Təqsirləndirilən şəxs qeyd edib ki, saat 02.300da mənzilin qapısını açıb və içəri daxil olublar: “Mənzildə bir qədər oturub pivə içdik, söhbət etdik. Təxminən yarım saat söhbətdən sonra Boran pulu əvvəlcədən verməyimi bildirdi. Mən isə Borana dedim ki, hələ bir soyun görək, nə bacarırsan. Sonuncu isə təkidlə pulu əvvəlcədən istədi və əslində qadın deyil, transseksual olduğunu, qadın geyimində kişilərə intim xidmət göstərdiyini dedi. Boranın saçı uzun olub, qadın paltarı geyinib, üzdən də qadına oxşayıb. Bu səbəbdən onu görəndə qadın olmasını güman etmişəm. Sonuncunun qadın olmadığını bilən kimi, onunla cinsi əlaqədə olmaq fikrindən daşındım. Heç vaxt kişilərlə cinsi əlaqədə olmamışam. Borana 36 manat pul verdim, mədəni şəkildə getməsini bildirdim”.
“Məndən polisə şikayət edəcəyini dedi”
Kənan Abdurəhmanov qeyd edib ki, bu vaxt Boran Məmmədov onun üzərində 700 manat olduğunu görüb: “Boran pulu məndən götürdü, çantasına qoydu. Sonra vaxtını aldığım üçün 100 manat verməli olduğumu bildirdi. Buna görə aramızda mübahisə yarandı və Borana cinsi əlaqədə olmadığıma görə 100 manat verməyəcəyimi bildirdim. Boran qışqırmağa başladı, məndən polisə şikayət edəcəyini dedi. Mən isə hara istəyirsə, şikayət etməsini, ona başqa pul verməyəcəyimi bildirdim. Bu vaxt Boran əli ilə sinəmdən möhkəm itələdi. Mən arxamdakı stula ilişərək arxası üstə yerə yıxıldım. Boran otağın dəhlizində çəkməcənin üzərində olan mətbəx bıçağını götürdü, mənim üstümə gəldi. Həmin bıçaqla mənim olduğum istiqamətdə zərbə atdı. Sağ əlim ilə bıçağı tutdum, buna görə də sağ əlimin barmaqları içəri tərəfdən kəsildi”.
“Öldürmək qərarına gəldim” Təqsirləndirilən şəxs bildirib ki, bərk əsəbləşib və bu səbəbdən Boranı öldürmək qərarına gəlib: “Odur ki, sol əlim ilə bıçağı Boranın əlindən almağa çalışdım, onun qarnına təpik vurdum. Boran arxası üstə dəhlizə doğru yıxıldı. Bıçaq Boranın əlindən yataq otağının içərisinə düşdü. Bıçağı götürdüm. Boran bunu görən kimi qapını açaraq qaçmaq istədi. Mən isə Boranın arxasınca düşdüm. Əvvəlcə sağ bel nahiyəsindən bıçaqla zərbə vurdum. Sonra isə mənzilin çıxışında Boranın sağ əlindən tutaraq bıçaqla onun boğaz, qırtlaq və sinə nahiyəsindən vurdum. Həmin vaxt Boran bıçaq zərbələrindən yayınmaq üçün əli ilə məni arxaya itələdi, qışqırmağa və məni təhqir etməyə davam etdi. Boran mənzilin birinci mərtəbəsindən blokun çıxışına doğru qaçarkən, yenə də onun kürək, sinə nahiyəsinə doğru ardıcıl zərbələr endirdim”.
“Küçə və blokun qanını yudum”
Kənan Abdurəhmanov qeyd edib ki, həmin vaxt saat təxminən 03.10 olub: “Borana təxminən 6-7 bıçaq zərbəsi vurdum. Boran blokdan çölə çıxaraq küçədə yerə yıxıldı və öldü. Sonuncunu sürüyərək mənzilin içərisinə gətirdim.. Borana verdiyim 36 manat pulu sonun çantasından götürdüm. Sonra bir vedrə su götürərək küçənin və blokun qanını yumağa başladım. Əvvəlcə iş yoldaşım Bayrama zəng edərək təcili gəlməsini bildirsəm də, sonuncu yorğun olduğunu və gələ bilməyəcəyini bildirdi. Bundan sonra əmim oğlu Rəşada zəng vurdum, sonuncu telefona cavab vermədi. Daha sonra yeznəm Mehmana zəng edərək təcili yaşadığım evə gəlməsini dedim”.
“Təslim olacağımı bildirdim”
Təqsirləndirilən şəxs bildirib ki, Mehman təxminən saat 4-də gəlib, onun blokun qarşısını yuduğunu görüb: “Mehmana bıçaqla adam vuraraq öldürdüyümü, meyitin evdə olduğunu dedim. Mehman məni danladı, mənzilə girməyərək polisə təslim olmağımı tapşırdı, sonra getdi. Təxminən on beş dəqiqə sonra Mehmanın oğlu Fərid də gəldi, təcili polisə təslim olmağımı bildirdi. Fəridə blokun qanını yuyaraq təmizlədikdən sonra təslim olacağımı bildirdim. Əslində isə həmin vaxt meyiti apararaq harasa atmaq və bu işi gizlətmək fikrində olmuşam. Lakin meyit ağır olduğundan və hava işıqlanmağa başladığından meyiti, baş vermiş hadisəni gizlətməyin mümkün olmayacağını başa düdüm. Bu səbəbdən qaçaraq getmək qərarına gəlim”.
“Kimsəsiz tikilidə gizləndim”
Kənan Abdurəhmanov qeyd edib ki, üzərində olan cins şalvar və köynək qana bulaşdığından həmin paltarları çıxarıb: “Sonra təmiz paltarlar geyindim. Cinayəti törətdiyim bıçağı, Boranın əl çantasını, ayaqqabılarını, içdiyim içkilərin qablarını sellofan paketə yığdım, Sarayevo küçəsində yerləşən zibil qutusuna tulladım. Günorta saat 13 radələrində “20 Yanvar” metrosunun yaxınlığından yol maşını ilə Kürdəmir rayonuna getdim. Həmin vaxt artıq ailə üzvlərim mənim cinayət törətdiyimdən xəbərdar olublar. Evdə atam Məzahir mənə polisə təslim olmağımı bildirsə də, evdən çıxaraq saat 05 radələrinə qədər qonşuluqda olan kimsəsiz tikilidə gizləndim”.
Kənan Abdurəhmanov qeyd edib ki, bir qədər sonra yenidən evə gedib, ailə üzvləri ilə sağollaşıb: “Atam polis əməkdaşlarına zəng etdikdən sonra sonuncular məni evdən götürdülər, Bakı şəhərinə gətirdilər. Baş verənlərə görə təəsüflənirəm. Əməlimdən səmimi peşmançılıq hissi keçirirəm.
“Anam Boranda qəribəlik hiss etdiyini bildirdi”
Cinayət işi üzrə zərərçəkmiş Boran Məmmədovun hüquqi varisi qismində qardaşı ifadə verib. O, qeyd edib ki, Boran ailə qurmayıb: “Boran Bakı şəhərinə köçdükdən sonra, yəni 2007-ci ildən etibarən müxtəlif tikintilərdə fəhləlik edərək özünə baxın. Boran 2010-2012-ci illərdə hərbi xidmətdə olub. Təxminən 2015-ci ildə anam Boranda qəribəlik hiss etdiyini bildirdi. Boran həmin vaxtdan etibarən evə gec gəlib, bəzi hallarda isə evə ümumiyyətlə gəlməyib. Bəzi tanışları qardaşımı gecələr cinsi azlıqların dayandığı yerlərdə görüblər. Boranla bu barədə söhbət etdikdə sonuncu transseksual olduğunu, kişilərlə pul qarşılığında cinsi əlaqəyə girdiyini etiraf etdi. Qardaşım kimi bu mənə olduqca pis təsir etdi”.
“Fahişəlik etməsini gormüşəm”
Mərhumun qardaşının sözlərinə görə, Boran 2017-ci ilə kimi yaşadığı evə gəlib-gedib: “Boran anamın yanında kişi paltarı geyinib. Bir neçə dəfə özü qardaşımın qadın paltarı geyinərək küçələrdə dayanaraq fahişəlik etməsini gormüşəm. 2017-ci ildə anam dünyasını dəyişdikdən sonra Boran daha evə gəlmədi. Qardaşımın seçdiyi yolu qəbul etmədiyimdən özüm də onunla əlaqə saxlamadım”.
“Şikayətim yoxdur”
Kənan Abdurəhmanov bildirib ki, iyunun 19-da, səhər saatlarında Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin əməkdaşları ona zəng edib: “Polis əməkdaşı Boranın Xətai rayonu Sarayevo küçəsindəki mənzillərdən birində Kənan adlı şəxs tərəfindən öldürülməsi barədə məlumat verdi. Təqsirləndirilən Kənan Abdurəhmanovu tanımıram. Sonuncu ilə düşmənçiliyim və ədavətim olmayıb. Təqsirləndirilən şəxsi bağışlayıram, ona qarşı şikayətim yoxdur”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrlik etdiyi kollegiyada baxılıb.
Kənan Abdurəhmanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.