Qardaş gecəyarısı bacısını bu vəziyyətdə gördü, tələb etdi ki... – Şok təfərrüat
Bərdə rayonunda 2000-ci il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində bacısı Laləyə və Bərdə rayon polis şöbəsinin təhqiqatçısı, polis mayoru Əliyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Lunar.az-in əldə etdiyi məlumata görə, İlqar bacısı Lalənin yaşadıqları evin yataq otağında mobil telefon vasitəsilə istintaqa məlum olmayan şəxslərlə danışması və həmin şəxslərlə yaxın münasibətdə olmasından şübhələnib.
Bacısını şillə ilə vurduqdan sonra qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Lakin evdə yatanları narahat etməmək üçün səhərin açılmasını gözləyib. Səhər saatlarında Lalə qardaşının onu vurması səbəbi ilə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edib.
Həmin müraciətdən təxminən 15 dəqiqə sonra yaşadıqları evin həyətinə gələn Bərdə rayon polis şöbəsinin əməkdaşlarını görən İlqar onların yanında dayanmış bacısı Laləni azyaşlı qızının gözləri qarşısında bıçaqla kürək nahiyəsindən vurub.
Hadisə yerində olan Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, mayor Əli onun tutub, bacısını öldürülməsinin qarşısını almaq istəyib.
Həmin vaxt İlqar Əliyə bıçaqla zərbə endirib. Hər iki yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Üç maddəli cinayət işi
İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
“Bizimlə birlikdə yaşamağa başladı”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, atası, anası, bacısı Lalə, bacısının azyaşlı qızı və qardaşı ilə birlikdə Bərdə rayonunda yaşayır:
“Bundan başqa digər bacım Sevilin təxminən 3-4 il əvvəl Ağdam rayon sakini Sərvər adlı şəxslə ailə həyatı qurub və həmin vaxtdan Ağdam rayonunda yaşamağa başlayıb. Bacım Sevilin ailəsinin bizim yaşadığımız evə yaxın başqa evləri də var.
Bacım Lalə təxminən 8 il əvvəl Mingəçevir şəhər sakini Vəli ilə rəsmi şəkildə ailə həyatı qurub. Ancaq əri ilə münasibətləri pisləşdiyi üçün təxminən 5 il əvvəl boşandılar. Onların Fidan adlı azyaşlı qızları anasının, yəni bacımın himayəsinə verildi. Bacım Lalə boşandıqdan sonra qızı ilə kənddə bizimlə birlikdə yaşamağa başladı”.
İlqarın sözlərinə görə, 2018-ci ilin oktyabrında hərbi xidmətə yollanıb: “1 il 6 ay müddətində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrindən birində xidmətdə oldum. 2020-ci ilin aprelində hərbi xidmət müddətim başa çatsa da, COVİD-19 pandemiyası ilə əlaqədar bir qədər gec tərxis olundum. Həmin vaxtdan Bərdə rayonuna gəldim.
Yaşadığımız kənd ərazisindən keçən su kanalının yaxınlığındakı ot bazarında fəhlə işləyib özümü dolandırmışam. Hərbi xidmətdən qayıtdıqdan sonra bacımın davranışları və hərəkətləri ilə özünü əvvəlki kimi aparmadığından, bacımın düzgün yolda olmadığından və etdikləri ilə ailəmizin namusuna xələl gətirdiyindən şübhələndim”.
“Bacımın yatmadığını gördüm”
İlqar qeyd edib ki, bacısı Lalənin tez-tez mobil telefonla danışdığını, əvvəllər özünə xas olmayan hərəkətlər etdiyini müşahidə edib:
“Təxminən 1 həftə əvvəl bacımın düzgün yolda olmaması ilə bağlı onunla bu barədə danışmaq məqsədilə qaldığı otağa daxil oldum. Ona etdiklərinin sonunun olmadığını, düzgün yola qayıtmasını bildirdim, xəbərdarlıq etdim. Ancaq Lalə xəbərdarlığıma məhəl qoymadı.
Mayın 30-da gecə işdən evə gəldim. Lalənin oyaq olduğunu, mobil telefonu ilə yazılar yazdığını gördüm. Lalədən nə üçün yatmamasının səbəbini soruşdum, yuxusu gəlmədiyini dedi. Sonra otaqdan çıxdım. Bir qədər sonra geri qayıtdıqda Lalənin hələ də yatmadığını gördüm.
Həmin vaxt Lalənin başqa şəxslərlə mobil telefon vasitəsilə yazışmalar aparmasından şübhəyə qapıldım, ondan mobil telefonunu verməsini tələb etdim”.
“Ayaqlarıma düşərək səhv etdiyini dedi”
İlqar qeyd edib ki, bu zaman hətta Laləyə sifət nahiyəsindən bir dəfə şillə də vurub: “Lalə, əvvəlcə mobil telefonunu verməkdən imtina etsə də, zorla telefonu əlindən aldım. Telefonun ekranının kodla bağlı olduğunu gördüm, bacımdan kodu açmasını tələb etdim. Lalə mobil telefonun kodunu açmadı. Mobil telefonu özümdə saxladım, geri qaytarmadım.
Həmin gecə Lalə ilə söhbət edib, əgər evlənmək məqsədilə hər hansı şəxs ilə əlaqə saxlayırsa, ona heç bir şey etməyəcəyimi bildirdim. Lalə isə ayaqlarıma düşərək səhv etdiyini dedi və mobil telefonunu qaytarmağım üçün yalvarmağa başladı. Buna görə də həmin gecə Lalə ilə heç bir işim olmadı”.
“Bıçağı kəmərimin altında gizlətdim”
İlqarın ifadəsinə görə, saat 11.20-də nənəsi Nisə onu çağırıb və təxminən 4-5 nəfər polis əməkdaşının yaşadıqları evin önünə gəldiyini, onu axtardıqlarını bildirib: “Mən də dərhal bacım Lalənin otağına getdim, polis əməkdaşlarını onun çağırıb-çağırmadığını soruşdum. Lalə isə heç bir polis əməkdaşını yaşadığımız ünvana çağırmadığını dedi.
Bundan sonra evin həyətinə çıxaraq polis əməkdaşlarına evin səliqəsiz vəziyyətdə olmasını bəhanə gətirdim, özümün onlara yaxınlaşacağımı söylədim. Bu zaman polis əməkdaşları bacım Lalənin çağırışına əsasən gəldiklərini dedilər. Evə daxil olub qonaq otağında yerləşən qabın içərisində saxladığım bıçağı götürdüm. Həmin bıçağı kəmərimin altında gizlətdim”.
İlqar qeyd edib ki, yenidən evin həyətinə çıxdıqda Lalənin polis əməkdaşlarının arxa tərəfində dayandığını görüb: “Bundan sonra hadisənin dəqiq hansı axarda davam etdiyini xatırlamamışam. Ancaq xatırladığım qədəri ilə polis əməkdaşlarının yaxınlığında dayanan Laləyə yanaşdım, Lalə isə məni görüb, qaçmağa başladı. Lalənin arxasınca düşdüm, onu yaxaladım və kəmərimin altında gizlətdiyim bıçağı çıxararaq bir neçə dəfə xəsarət yetirdim. Bundan sonra özümü itirdiyimdən baş verənlər yadımda qalmayıb”.
“Boşanmaq qərarına gəldim”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lalənin sözlərinə görə, 2012-ci ildə anasının əmisi oğlu Vəli ilə ailə həyatı qurub:
“Həmin nikahdan 2013-cü ildə Fidan adlı qız övladımız dünyaya gəldi. Evlənən zaman mənim 18, həyat yoldaşım Vəlinin isə 32 yaşı olub. Vəli ilə öz razılığım əsasında evlənməmişəm, ailəmin razılığı ilə ailə qurmuşam. Evləndikdən sonra bir müddət Vəli ilə normal ər-arvad münasibətlərində yaşasam da, sonradan bizim münasibətlərimiz pisləşməyə başladı.
Evləndikdən təxminən bir ay sonra mənə işi olduğunu deyərək Vəli tez-tez axşamlar evə gəlmədi. Bu dövrdə mobil telefonuma Sevda adlı tanımadığım qadın zəng edib, Vəlinin arvadı olduğunu, ondan iki övlad dünyaya gətirdiyini bildirdi. Mən də boşanmaq qərarına gəldim”.
“Ailə qurmaq niyyətində olduğunu bildirdi”
Lalənin sözlərinə görə, 2014-cü ilin avqustunda Ağdam rayon Məhkəməsinin qətnaməsi ilə ərindən rəsmi şəkildə boşanıb: “Boşanmazdan 2-3 ay əvvəl Vəli ilə yaşadığımız Mingəçevir şəhərindən Bərdə rayonuna, kəndimizə gəldim. Qızım Fidanla birlikdə atam, anam, qardaşlarım, bacımla yaşamağa başladım.
Təxminən bir il əvvəl internet vasitəsilə Xaçmaz rayonu Mürşüdoba qəsəbəsində yaşayan Turalla tanış oldum. Tural mənə əvvəllər evli olduğunu, boşandığını, üç övladı olduğunu və ciddi şəkildə məni tanımaq istədiyini, ailə qurmaq niyyətində olduğunu bildirdi. Tanışlıqdan təxminən 5-6 ay sonra onun barəsində ailəmə danışdım. Turalın mənimlə ailə qurmaq istəməsi barədə məlumat verdim”.
“İkilikdə görüşmədim”
Lalənin sözlərinə görə, 2019-cu ilin noyabrında, əvvəlcə, Tural tək, sonralar isə anası ilə birlikdə Bərdə rayonuna gəlib: “Həmin vaxt Tural və anası mənim anam arasında tanışlıq məqsədilə söhbət aparıldı. Münasibətlərimizin rəsmiləşdirilməsi ilə bağlı razılıq əldə olundu. Lakin həmin vaxt qardaşım İlqar Xızı rayonunda hərbi xidmətdə olduğundan ona Tural barəsində məlumat vermədik.
Yalnız İlqarın yanına görüşməyə gedən zaman atam ona Turalın məni istədiyini və ciddi fikirdə olduğunu dedi. İlqar isə ailələrimizin bir-birimizi tanımağımıza heç bir etiraz etmədi. Həmin gün Turala bu barədə məlumat verdim, Turalın özü bir neçə saat sonra İlqarın xidmət etdiyi hərbi hissəyə getdi, onunla söhbət etdi. Söhbət zamanı Tural İlqara əsas söz sahibinin atam olduğunu dedi. Bu söhbətlərdən sonra mobil telefon vasitəsilə Turalla münasibətimizi davam etdirdim. Ancaq heç vaxt onunla ailəmizin xəbəri olmadan ikilikdə görüşmədim”.
“Yalvardım ki, telefonumu geri qaytarsın”
Lalə qeyd edib ki, qardaşı İlqar hərbi xidmətdən qayıdıb: “İlqar hərbi xidmətdə olan zaman dini məzhəb fərqi ilə bağlı məsələyə və ailəmizin Turalla münasibətimə qarşı çıxmasına görə əlaqələri kəsməyimizi məsləhət bildi. Buna baxmayaraq Tural mənə müxtəlif məzmunlu ismarıclar yazmağa davam etdi, münasibəti sonlandırmaq istəmədi. Mən isə sonuncu dəfə Turala ismarıc yazaraq dalaşdım və ondan ayrıldım.
Lakin Tural mesajlar yazmağa davam etdi və məndən cavab verməyimi xahiş etdi. Hadisə baş verən günü gecə İlqar işdən evə gələrək yatmadığımı və mobil telefonu ilə oynadığımı gördü, niyə yatmamağımın səbəbini soruşdu. Mən isə yuxum gəlmədiyini və videolara baxdığımı dedim.
Bunun ardınca İlqar mobil telefonunun kodunu açaraq ona verməyimi tələb etdi. Mın telefonumu İlqara verməkdən imtina etdim. Bunu üçün İlqar sifət nahiyəmdən şillə ilə vurdum. Sonra mobil telefonu zorla əlimdən aldı və ekranın kodla bağlı olduğunu gördü, məndən kodu açmağımı tələb etdi. Kodu açmadığıma görə İlqar telefonu özündə saxladı, mənə geri qaytarmadı. Bu zaman İlqara yalvardım ki, telefonumu geri qaytarsın”.
“Polislər yaşadığımız evə gəldi”
Lalənin ifadəsinə görə, bu səbəbdən saat 11.00-da Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi xidmətinə müraciət edib, qardaşının onu döyməsi barədə məlumat verib: “Bundan 10-15 dəqiqə sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığımız evə gəldi. Nənəm Nisə qardaşım İlqara polis əməkdaşlarının gəlməsi barədə xəbər verdi. İlqar da evin həyətinə çıxdı, polis əməkdaşlarına evin səliqəsiz vəziyyətdə olmasını dedi və evə daxil olaraq siqaret götürdükdən sonra gələcəyini bildirdi.
İlqar evə daxil olan zaman mən çölə çıxdım və polis əməkdaşlarının yanına getdim. İlqar da təxminən bir dəqiqə sonra evdən çölə çıxdı. Polis əməkdaşlarından sonradan adının Əli olmasını bildiyim şəxs qardaşım İlqardan mənim mobil telefonumu qaytarmasını tələb etdi”.
Lalə daha sonra ifadəsində hadisə barədə danışıb. Qardaşının onu və polis əməkdaşını bıçaqladığını deyib.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. İlqar 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.